Qəhrəman Azərbaycan Ordusu Xocalı qurbanlarının qisasını aldı
27-02-2024, 11:55
Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Ermənistan tərəfindən törədilmiş bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin dəhşətli nümunəsidir. XX əsrin sonlarında dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib. Dinc əhaliyə amansızlıqla divan tutulub: 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb.
Xocalı faciəsi özünün hüquqi-siyasi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.
Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın bir sıra dövlətləri Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımını pisləyən qətnamə qəbul ediblər. Bu gün Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Hazırda Xocalı şəhərində bərpa işləri həyata keçirilir, bu il sakinlərin dogma şəhərə qayıdışı başlayacaq. Beləliklə, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində tarixi zəfər qazanaraq bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını aldı.
Bu faciəli soyqırımından 32 il sonra artıq azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın dəmir yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir.
Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı.
Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru