Soyqırımından Zəfərə açılan yol

27-02-2024, 12:41           
Soyqırımından Zəfərə açılan yol
26 fevral - Xocalı faciəsi sağalmayan yaramızdır. Bunu unutmağa heç kəsin haqqı yoxdur. Bu faciə xalqımızın nə qədər yenilməz, məğrur olduğunu, yaşadıqlarına rəğmən sınmadığını, gələcəyə böyük inamla yanaşdığını nümayiş etdirdi. Ordumuzun şanlı qələbəsi sayəsində biz tariximizin tamamilə fərqli bir anını yaşayırıq. Xocalı faciəsi yaddaşımızda daim sağalmaz yara kimi yer alıb və alacaq. Bu yaralar bizi ruhdan salmadı, daha mübariz olduq, torpaqlarımızı işğaldan azad etmək üçün bütün səylərimizi səfərbər etdik.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olundu. Dövlət başçısı İlham Əliyevin ötən il sentyabrın 20-də Xocalıda, Xankəndidə, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması ilə ölkəmizin həyatında yeni dövr başladı.
Azərbaycan dövləti 30 illik işğal dövründə dünyadan ədalət gözlədi. 44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident-ordu birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlətimizin başçısı nəyi nə zaman və necə etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsi zamanı 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı.
44 günlük müharibədən üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə oldu, Azərbaycan Bayrağını ucaltdı. Xankəndidə Bayrağı ucaltdıqdan sonra xalqa müraciətində bu əminliyi ifadə etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir.
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Azərbaycan bu gün diktə edən tərəf kimi yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev bildirir ki, müharibə arxada qaldı. Müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq.
Soyqırımından Zəfərə yol açan əsas amil xalqımızın torpaq, Vətən sevgisi, Prezidentin ətrafında sıx birliyidir. Dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümünü məhz bu torpaqda qeyd etməsi, fevralın 20-də Xocalı ictimaiyyəti nümayəndələri ilə görüşü, onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanışlıq, həmçinin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə Xankəndi şəhərində olması bir daha Xalq-Prezident birliyinin təqdimatı oldu. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıya qayıdış sevincini xalqımızla paylaşmaq istəyinin göstəricisidir. Cənab İlham Əliyevin Xocalıya səfəri çərçivəsində Xocalı soyqırımı memorialının təməli qoyuldu. Bu, Xocalı faciəsi ilə bağlü bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.
Prezident İlham Əliyevin bu gün Xocalıda, Xankəndidə ictimaiyyət nümayəndələri ilə görüşü, geniş miqyas alan bərpa-quruculuq işləri ilə tanışlığı ümumilikdə ötən il Xankəndidən böyük qürur hissi ilə səsləndirdiyi «Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik» fikirlərinin təsdiqi və təqdimatı oldu. Dövlət başçısının bu məkanlarda hər bir görüşü, çıxışı gələcəklə bağlı çağırışlarla zəngindir.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.