İki ölkə arasında iqtisadi-ticari əlaqələr yüksək səviyyədədir

12-03-2024, 16:49           
İki ölkə arasında iqtisadi-ticari əlaqələr yüksək səviyyədədir
Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir. Təsadüfi deyil ki, cənab Prezident sonuncu andiçmə mərasimində çıxışı zamanı “bizim ailəmiz Türk dünyasıdır” söylədi və türk xalqlarının biri-birinə daha da yaxınlaşmasının əhəmiyyətindən danışdı. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi dövlət səfərinə gəlməsi və səfər zamanı baş tutan görüşlər, imzalanan sənədlər, hər iki dövlət başçısının bəyanatları, mətbuata verilən açıqlamalar ölkələrimiz arasındakı əlaqələrin daha yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyev öz çıxışında Qazaxıstanla bağlı söylədiyi fikirlər olduqca mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı İlham Əliyev mətbuata açıqlamasında Qazaxıstan-Azərbaycan arasında iqtisadi, ictimai, humanitar, sosial həyatın bütün sahələrində əlaqələrin yüksək səviyyədə olduğunu, daha da inkişaf edəcəyini vurğuladı, imzalanan sənədlərin əhəmiyyətindən danışdı. Ölkə başçısı göstərdi ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələr olduqca yüksək səviyyədədir, neft-qaz sahəsindəki əlaqələrin inkişafı da hər iki ölkənin maraq dairəsindədir. Humanitar əlaqələrin yüksəlməsi xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin irəliləməsinə xidmət edir. Xüsusi əhəmiyyət kəsb edən münasibətlər nəqliyyat, logistika sahəsində münasibətlərdir. Təsadüfi deyil ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı trans Xəzər logistika xəttinin birgə işlənməsi ilə bağlı dəyərli fikirlər söyləndi. Dünyada gedən iqtisadi, hərbi-siyasi böhran dövründə Xəzər dənizinin əhəmiyyəti daha da artmış olur, artıq böyük bir nəqliyyat-logistika qovşağına çevrilməkdədir.
Qazaxıstan hazırda türk dünyasının və bütövlükdə regionun sürətlə inkişaf edən, iqtisadi cəhətdən yüksələn dövlətlərindən biridir. Ölkə başçısı da öz çıxışında Astanaya səfərləri və bu mənada Qazaxıstanın inkişafı, tərəqqisi, qüdrətlənməsi yolunda əldə etdiyi uğurları qeyd etdi. Dövlət başçısı Qazaxıstanın Azərbaycana qardaş, dost dövlət olduğunu bildirdi. “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”. Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlət başçısı qeyd edib: “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.
Ümumilikdə isə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı prezidentlər arasında COP29-a hazırlıq prosesində Qazaxıstanın iştirakının da təmin edilməsi həm ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, həm də yeni bir təcrübə əldə edilməsinə imkan yaradacaq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.