Qlobal Forumdan sonra dünyada baş verən əsas geosiyasi dəyişiklik - İsrafil Kərimovun yazısı

15-03-2024, 10:06           
Qlobal Forumdan sonra dünyada baş verən əsas geosiyasi dəyişiklik - İsrafil Kərimovun yazısı
Qlobal Forumdan sonra dünyada baş verən əsas geosiyasi dəyişiklik
Mart ayının 14-də ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev
sahibliyi etdi. Həmin gün Bakıda, Gülüstan sarayında Azərbaycan
Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI
Qlobal Bakı Forumu keçirilib.
Qeyd ediməlidir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal
problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini
məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun
nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
“Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”)
mövzusuna həsr olunan XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə
də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə 70-dən artıq
ölkədən 350-dən çox qonaq iştirak ediblər.
Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli
rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanı
olaraq iki gün davam edib. Forumda COP28-in nəticələri və COP29-a
hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid
yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin
olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın
qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınaraq qarşıda duran
çağırışların həlli yolları müzakirə olunub. Forumda dünyanı sarsıdan
münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə
təhlükəsizliyi problemlərinə də toxunulub. Eyni zamanda, qlobal
idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa
İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal
çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii
ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulub, süni intellekt,
dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə
müzakirələr aparılıb.
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, Qlobal Bakı Forumu uzun illər
ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib.
Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib
ki: “Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen
Təhlükəsizlik Konfransı qədər vacibdir”.
Qeyd edilib ki, sonuncu Qlobal Forumdan sonra dünyada və regionda
bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik isə Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin
başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli
ilə bağlı müsbət nəticələrini gördük”.
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğu və etnik
təmizləməyə məruz qaldığını bildirən dövlətimizin başçısı, həmçinin qeyd
edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ
özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik
və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki
güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.
Forumda iştirakçıların nəzərinə çatdırılıb ki, indi Qarabağ məsələsi
artıq bağlanıb və hazırda iki ölkə arasında sülh müqaviləsinin
imzalanmasına çox yaxınlaşılıb. Azərbaycanın sülh prosesini davam
etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki
ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz
görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti,
beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son
qoymaq vaxtıdır”.
Forumda qeyd edilib ki, 2023-cü ilin centyabrında həyata keçirilən 1
günlük antiterror əməliyyatından sonra düşmənin hərbi sursatları, ağır
silahları, zirehli maşınları müsadirə edilib ki, onların dəyəri təqribən bir
milyard dollar, İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin
dəyəri isə beş milyard ABŞ dollarına yaxın olub.
“Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb?
Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz
verilmişdi”, - deyə dövlətimizin başçısı qeyd edib.
Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın
da regionda və ondan kənarlarda yürütdüyü siyasət tənqid edilib. Bildirilib
ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir.
1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin
müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa
hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına
reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq
qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində
Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat
verib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.