Cənubi Qafqaz regionunda Fransanın ikili siyasəti yolverilməzdir

15-03-2024, 10:47           
Cənubi Qafqaz regionunda Fransanın ikili siyasəti yolverilməzdir
XI Qlobal Bakı Forumu artıq beynəlxalq platformaya çevrilib. Burada müasir dünyanı narahat edən müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun mövzusu “Parçalanmış dünyanın bərpası” adlanır. Həqiqətən də dünyada çox ciddi problemlər mövcuddur. Dünyanın münaqişə potensialı həddindən artıq yüksəlib, bəşəriyyət çox ciddi təhdidlərlə üz-üzə qalıb. XI Qlobal Bakı Forumu çərçivəsində bir qayda olaraq dünyanı narahat edən müxtəlif məsələlərin həlli yolları axtarılır.
Martın 14-də Bakıdakı Gülüstan sarayında açılışı keçirilən forumda Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi və müxtəlif məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirdi. Gələcəkdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdə bu və ya digər məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında təsəvvürlər yarandı. Xüsusilə Cənubi Qafqaz regionunda Fransanın ikili siyasəti ilə bağlı ölkə Prezidenti mövqe ifadə etdi.
Forumda qeyd edilib ki, 2023-cü ilin centyabrında həyata keçirilən 1 günlük antiterror əməliyyatından sonra düşmənin hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə edilib ki, onların dəyəri təqribən bir milyard dollar, İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın olub.
“Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, - deyə dövlətimizin başçısı qeyd edib.
Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın da regionda və ondan kənarlarda yürütdüyü siyasət tənqid edilib. Bildirilib ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
XI Qlobal Bakı Forumu Azərbaycanı dünyaya tanıtmaq imkanı təqdim edir. Toplantı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilərək “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr edilib. Burada dünyanın 70 ölkəsindən 350-dən çox qonaq iştirak edir. Qonaqlar siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət başçıları və tanınmış simalardan ibarətdirlər. O insanların dünya siyasəti, idarəetmə və digər sahələrdə böyük təcrübələri var. O təcrübə mübadiləsi hesab edirəm ki, dünyanı narahat edən məsələlərin həlli istiqamətində səmərəli ola bilər. XI Qlobal Bakı Forumunun töhfələri bundan ibarətdir.


Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.