Qlobal Bakı Forumu Azərbaycanın bölgədəki əhəmiyyətini bir daha ortaya qoyub

15-03-2024, 11:48           
Qlobal Bakı Forumu Azərbaycanın bölgədəki əhəmiyyətini bir daha ortaya qoyub
Martın 14-də BakıdakıGülüstan sarayında XI Qlobal Bakı Forumu öz işinəbaşlayıb. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir. Qlobal Forumun mütəmadi olaraq Azərbaycanda keçirilməsi və müxtəlif ölkələrdən keçmiş prezidentlərin, baş nazirlərin, alimlərin qatılması Azərbaycanın bölgədəki əhəmiyyətini, eləcə də oynadığı rolu bir daha ortaya qoyur.
Bu Forumda müxtəlif çıxışlar, panellər, müzakirələr keçirilir. Azərbaycanın iştirakçısı olduğu böyük layihələr haqqında danışılır. Bunun dünya və beynəlxalq aləm üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılır. Əlbəttə ki, bütün bu müzakirələr həm Azərbaycan üçün vacibdir, həm də Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin diqqət mərkəzindədir.
Bütün bunlarla yanaşı, sonuncu Forum Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra keçirilir. Bu bir daha bizim qazandığımız uğurların beynəlxalq müstəvidə qərar qəbul edən mərkəzlərin diqqətinə çatdırmaq üçün əhəmiyyətlidir.
Qeyd edək ki, martın 16-dək davam edən Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunularaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb.
Qeyd ediməlidir ki, beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrinin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. "Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq". Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq".


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.