9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
2-11-2024, 11:29
Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına
başlanılmasından 15 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan
Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında
imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan
Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.
Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağın
mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng
isə islamçılığı tərənnüm edir.
Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Təəssüf ki, 28 aprel 1920-
ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin
qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.
Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin
vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi
tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və
üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi
haqqında qərar qəbul edib. 2009-cu ilin noyabrında 9 noyabr
Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların
siyahısına daxil edilib.
Fərəhləndirici haldır ki, artıq Azərbaycan Bayrağı işğaldan azad olunan
torpaqlarımızda dalğalanmaqdadır. Təsadüfi deyil ki, noyabrın 8-dən
etibarən bayrağımız Şuşa şəhərində dalğalanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi
kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız
qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi
ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən
birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq
bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri
ideallara sadiqliyimizi nümayiş etdirir”.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası