Azərbaycan və İran arasında münasibətlərin gücləndirilməsinə yönələn səfər
Bu gün, 10:51

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.
Hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf edir. Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda əməkdaşlıq edir. Hər iki xalq ortaq mədəniyyətə, tarixə və dinə malikdir, bunlar da xalqların və dövlətlərin yaxınlaşması üçün böyük zəmin yaradıb. "Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir", - deyən Prezident bildirib ki, bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır.
Azərbaycan-İran arasında yeni əməkdaşlıq münasibətləri yaranıb. Son illərdə hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən - ticarət, nəqliyyat, energetika və digər sahəsində əməkdaşlığı gücləndirərək yeni imkanlar əldə etmişdir. Hazırda Azərbaycan və İran arasında iqtisadi-ticari əlaqələr dinamizmlə inkişaf edir. Azərbaycanın İranla tarixi-mədəni bağları gələcəkdə bu əməkdaşlığın daha da güclənməsinə töhfədir. İran İslam Respublikası ilə münasibətlər iqtisadi və strateji əməkdaşlıqla məhdudlaşmır, əsrlər boyu davam edən tarixi, mədəni və dini yaxınlıqla daha da möhkəmlənir. Bu iki ölkənin həm coğrafi, həm də mənəvi baxımdan bağlı olduğunu əks etdirir.
Səfər çərçivəsində iki dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri keçirilib. Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib, prezidentlərin Birgə Bəyanatı imzalanıb. Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.
Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Vurğulanıb ki, iki ölkə başçısı üçtərəfli əməkdaşlıq layihələrini müzakirə ediblər və bu layihələrin arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutub. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: “Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.
Öz növbəsində İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib ki, “Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımından çox sayda müştərək məqamlara malikik və biz bu müştərəkliklərlə fəxr edirik”.
İran Prezident bildirib: “Biz çalışacağıq ki, əlaqələrimizi güclü şəkildə davam etdirək. Biz bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik”.
Birgə mətbuat konfransında İran Prezidenti Məsud Pezeşkian “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq”-deyə bəyan edib. Onun sözlərinə görə, Azərbaycana bu səfər iki ölkə arasında münasibətlərin gücləndirilməsinə yönəlib.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün İranın hökumət başçısı səviyyəsində bir addımdır. Bu, İbrahim Rəisinin prezidentliyi dövründə başlamış əlaqələrin genişlənməsi, münasibətlərin normallaşması baxımından mühüm sayıla bilər.
Pezeşkianın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi münasibətlərin normallaşacağı istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”, - deyə o vurğulayıb.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü