Strateji əhəmiyyət daşıyan Azərbaycan və İran əlaqələri

Bu gün, 12:42           
Strateji əhəmiyyət daşıyan Azərbaycan və İran əlaqələri
İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı, o cümlədən iqtisadi baxımdan tərəflər üçün də yeni hədəflər müəyyən edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz İran ilə Azərbaycanın iqtisadiyyatının inkişafına yeni imkanlar yaradaraq, qarşılıqlı ticarətin də inkişafına təkan verəcək, gəlirləri artıracaq, əhalinin məşğulluğunu təmin edəcəkdir.
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında bir müddət davam edən soyuq münasibətlərə son qoyulması kimi qiymətləndirmək olar. Səfər çərçivəsində iki dövlət başçılarının məhdud və geniş tərkibdə görüşləri keçirilib. Daha sonra Prezidentlərin iştirakı ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib, prezidentlərin Birgə Bəyanatı imzalanıb. Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir.
Bu gün Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərdən biridir. Azərbaycan və İranın strateji əməkdaşlığında Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən layihələr önəmli yer tutur. Bu dəhliz Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yoludur. "Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur", - deyən Azərbaycan Prezident bildirib. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: "Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk".
Dəmir və avtomobil yolları, liman infrastrukturlarının modernləşdirilməsi, həm iqtisadiyyatın şaxələndirilməsinə, həm də beynəlxalq ticarətin həcminin artmasına şərait yaradır. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropanın 800 milyona yaxın əhalinin yaşadığı 40-dan çox ölkəsi ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Dəhlizin əsasını təkli edən Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib.
Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi iki ölkə arasında tarixi bir hadisəyə çevrildi. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi Azərbaycan və İran arasında səmərəli əməkdaşlığa töhfədir. Ən əhəmiyyətli layihələrdən biri də Azərbaycan-İran sərhədində yerləşən "Xudafərin" və "Qız qalası" hidroelektrik kompleksləri həm enerji təchizatına, həm də kənd təsərrüfatı suvarma sistemlərinin inkişafına güclü stimul verir. "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı hər iki xalq və dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin icrasıdır. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri inkişafında önəmlidir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
Bu layihələr, "yaşıl enerji" sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. "Xudafərin" və "Qız Qalası" ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.
Azərbaycan-İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur ki, bu da həm ölkələri gücləndirir, eyni zamanda, regional əməkdaşlığa müsbət təsirini göstərir. Bölgədə sülhün və əmin-amanlığın carçısı olan Azərbaycan sülhsevər siyasətini uğurla reallaşdırır. İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.