Azərbaycan-İran münasibətlərində etimad və əməkdaşlıq

Bu gün, 16:20           
Azərbaycan-İran münasibətlərində etimad və əməkdaşlıq
İran siyasətinin dəyişkən və mürəkkəb palitrasında yeni bir ümid işığı yanır. Məsud Pezeşkianın prezidentliyi dövrü həm qonşu dövlətlər, həm də qlobal sfera üçün olduqca əhəmiyyətlidir. İslahatçı düşərgənin parlaq simalarından biri olan Pezeşkian illərdir davam edən siyasi durğunluğa son qoymaq, İranı yenidən beynəlxalq arenada qəbul etdirmək üçün çalışır. Onun bu missiyanı üzərinə götürməsi heç də təsadüfi deyil. Çünki Pezeşkian və onun təmsil etdiyi islahatçılar köhnə, sərt və qapalı siyasət üslubuna qarşı çıxaraq yeni və açıq dialoqa əsaslanan bir yol seçiblər.
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bir daha qonşu ölkələr arasında müsbət dialoq mühitinin inkişafını diqqət mərkəzinə gətirdi. Qeyd edək ki, İran rəsmisinin səfəri olduqca dərin məzmun daşıyır. İlk olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud və geniş tərkibdə keçirilən görüşləri qarşılıqlı-faydalı əməkdaşlıq mühitində yeni mərhələdən xəbər verir. Bununla yanaşı, mətbuata bəyanatlarla çıxış edən hər iki ölkə lideri regional və qlobal müstəvidə bir çox məsələyə toxunublar. Ölkə başçımız qeyd edib ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün möhkəm təməl üzərində dövlətlərarası münasibətlər inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. İran prezidenti isə regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımından Azərbaycan və İranın çox sayda müştərək məqamlara malik olduğunu diqqətə çatdırdı.
Mətbuata bəyanatlarla çıxış edən dövlət başçıları qeyd etdilər ki, üçtərəfli əməkdaşlıq layihələri geniş müzakirə olunur. Prezident İlham Əliyev bildirdi ki, bu layihələr içərisində Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi əhəmiyyət daşıyır. Sözügedən iri infrastruktur layihəsi yalnız Azərbaycanın deyil, bütün iştirakçı dövlətlərin iqtisadi və siyasi xəritəsində yeni yollar açır, yeni üfüqlər yaradır. Bu nəhəng layihə region ölkələri üçün böyük səmərə gətirəcək, iqtisadi dinamikanı gücləndirəcək. Bu həm də Azərbaycanın beynəlxalq rolundan, onun strateji baxışından xəbər verir. Bu gün ölkəmiz yalnız regionun əsas tranzit mərkəzi olmaqla kifayətlənmir, həm də dünya ticarət yollarının kəsişməsində söz sahibinə çevrilir. Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edildi. Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsi, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması xüsusi yer tutur. O cümlədən Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi xüsusi vurğulanmalıdır.
Qeyd etmək yerinə düşər ki, son aylarda İranla Azərbaycan arasında sıxlaşan diplomatik təmaslar bölgədə yeni əməkdaşlıq səhifəsinin açıldığını göstərir. İranın yüksəkvəzifəli rəsmilərinin azərbaycanlı həmkarları ilə keçirdikləri görüşlərdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə dövlət komissiyalarının fəaliyyəti xüsusi diqqət çəkir. Bu platforma artıq sadəcə kağız üzərində qalmış bir struktur deyil. Real nəticələr doğuran, yeni imkanlar yaradan əməkdaşlıq meydanıdır. İranlı rəsmilər də bu komissiyanın aktivləşməsini Azərbaycan-İran münasibətlərində əsas körpülərdən biri kimi qiymətləndirirlər. Sözlərdən əmələ, niyyətdən konkret layihələrə keçid məhz bu kimi görüşlər nəticəsində realizə edilir. Əməkdaşlıq isə artıq yalnız ikitərəfli çərçivədə məhdudlaşmır. Bakı ilə Tehran arasındakı həmrəylik İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), AQEM və D-8 kimi beynəlxalq platformalarda da aydın hiss olunur. Mövqelərin yaxınlaşması regional həmrəyliyi daha da gücləndirir, ortaq maraqlara söykənən davamlı tərəfdaşlığın əsasını qoyur.
Uzun illər boyunca ehtiyatlılıqla müşayiət olunan Azərbaycan-İran hərbi münasibətləri bu gün yeni bir mərhələyə qədəm qoyur. Artıq tərəflər arasında qarşılıqlı etimada söykənən real əməkdaşlıq mühiti formalaşır. Bu dönüşün bariz nümunəsi isə 2023-cü ilin noyabrında baş tutan "Araz-2024" adlı birgə taktiki təlim oldu. Azərbaycan Ordusunun Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlılarının birgə iştirakı, iki ölkənin təhlükəsizlik baxışlarının ortaq platformada birləşdiyinin rəmzinə çevrildi. Bu təlim təkcə hərbi əməkdaşlığın deyil, bölgədə sabitlik və qarşılıqlı inamın möhkəmlənməsinin də bariz təzahürü idi. İqtisadi sahədə də oxşar dinamika müşahidə olunur. Bu ilin yanvarında Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyanın 16-cı iclasında iştirakı bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Həmin görüşlərdə rəsmi Bakı ilə Tehran arasında əməkdaşlığın cari vəziyyəti, yeni təşəbbüslər və gələcək perspektivlər müzakirə olundu. Bu dialoqlar sadəcə kağız üzərində qalan sənədlərlə kifayətlənməyib, real layihələrə, konkret addımlara çevrilməkdədir.
Bütün bu səfərlər, görüşlər, təlimlər fonunda aydın görünür ki, Azərbaycan-İran münasibətləri artıq keçmişdəki narahatlıqlarla deyil, gələcəyə hesablanmış strateji baxışlarla müəyyən edilir. İki qonşu ölkə xalqlarının rifahını, bölgədə sülhü və sabitliyi hədəfləyən yolda addımlayır.

Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.