İçərişəhərdə “Bahar qalası” və Qala qoruğunda “Novruz Bayramı” şənlikləri keçiriləcəkdir.

16-03-2017, 23:04           
İçərişəhərdə “Bahar qalası” və Qala qoruğunda “Novruz Bayramı” şənlikləri keçiriləcəkdir.
teref.az - Xalqımızın tarixi kökləri ilə bağlı olan, milli adət-ənənələrlə zəngin Novruz bayramı həm də ölkəmizdə baharın gəlişini müjdələyir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub. Mart ayının 19-dan 26-dək İçərişəhərdə, Qoşa Qala qapısı meydanında keçiriləcək “Bahar Qalası” adlı festivalda Novruz bayramını qeyd edən ölkələrin nümayəndəsinin iştirakı nəzərdə tutulub (İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistan).
Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaqdır. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaq, qonaqlar həmçinin müxtəlif ölkələrin milli mətbəx nümunələri ilə tanış ola, eləcə də Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biləcəklər.
Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcəkdir.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 və 21 mart tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz Bayramı şənliyi keçiriləcəkdir. Tədbirdə qonaqlar rəngarəng konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların,təndir çörəyinin,qutabların hazırlanması, retro avtomobillərlə qoruq ərazisində gəzinti kimi tədbirlərdə iştirak edə biləcəklər. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa Qala Qapıları qarşısından hər saatda yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcəkdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bol ruzi, firavan həyat, gözəl bayram ovqatı arzulayır və hamını Novruz şənliklərində iştirak etməyə dəvət edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.