Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda ənənəvi olaraq imkansız ailələrə bayram payları təqdim olunmuşdur FOTO

17-03-2017, 22:08           

teref.az - Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Bu işlər paytaxtımızın Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunmuşdur.
Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən biri İmperial şadlıq sarayında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət işçilərinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq, onları sevimli Novruz Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olmuş və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat apararaq böyük konsert proqramı təşkil etmişlər.
Novruz Bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və ümumilikdə 2500-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri, Böyük vətən Müharibəsi və Qarabağ veteranları və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.