ABŞ-da erməni təxribatının qarşısı alındı

9-05-2017, 12:30           

ABŞ-ın Los Anceles şəhərində Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar geniş konsert keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Los Ancelesin Orfeum Teatrında təşkil olunan konserti 2 minə yaxın amerikalı tamaşaçı alqışlarla qarşılayıb.

Baş Konsulluqdan AzVision.az-a bildirilib ki, baş konsulu Nəsimi Ağayev bu günün önəmindən bəhs edib. Diplomat Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi tarixi xidmətlər barədə danışaraq qeyd edib ki, o, 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıdıb, qısa müddət ərzində ölkədə sabitliyin yaradılmasına nail olaraq, önəmli siyasi və iqtisadi islahatlara, eləcə də milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verib, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub. N. Ağayev bildirib ki, Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyası bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanan və Heydər Əliyevin ömür yolunu əks etdirən video-material təqdim olunandan sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəqslər tamaşaçıların diqqətini cəlb edib.

Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub.

Baş Konsulluqdan bildirilib ki, Los Ancelesdəki radikal və aqressiv erməni lobbisi tədbirdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıb. Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçirib. Ancaq tamaşaçılar etiraz aksiyasına etinasızlıq göstəriblər, erməni lobbisi növbəti uğursuzluqla üzləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.