NƏSİMİ RAYONUNDA 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.
30-05-2017, 22:44
teref.az - 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.
Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir..
Yeri gəlmişkən, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız, aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər də davamlıdır.
Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində 30 may 2017-ci il tarixdə uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.