Putin “KQB tulası”nın İrəvana getməyinə icazə vermədi
21-04-2015, 17:47
Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan aprelin 24-də İrəvanda qondarma “soyqırımı” mərasimlərində iştirak etməyəcək.
Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Bako Saakyanın bu mərasimlərdə iştirak etməməsinin səbəbi kimi onun həmin gün Xankəndində “soyqırımı memorialının” açılışında iştirak edəcəyi göstərilir.
Lakin Ermənistanda heç kim bu səbəbi ciddi qəbul etmir. Çünki Bako Saakyan hər il İrəvanda “soyqırımı” abidəsinin qarşısında keçirilən mərasimlərdə iştirak edirdi və məntiqə uyğun olaraq dünya ermənilərinin xüsusi önəm verdiyi, illərlə hazırlaşdığı 100 illikdə də orada olmalı idi.
Bu baxımdan erməni ekspertləri hesab edirlər ki, qondarma “DQR” rəhbərinin İrəvandakı mərasimlərə qatılmasını Minsk Qrupunun həmsədrləri olan Fransa və Rusiyanın prezidentlərinin narazılığına səbəb olmamaq üçün istəməyiblər.
Ekspert Armen Bədəlyan deyir: “Bu, sıradan ildönüm deyil, 100 illikdir. Bu il Ermənistana 4 prezident gələcək. Onların yanında tanınmamış respublikanın prezidentinin olması dünya tərəfindən düzgün qarşılanmazdı və həmin ölkələrin Azərbaycanla münasibətlərinə mənfi təsir edərdi. Azərbaycanla münasibətləri korlamağı isə heç kim istəmir”.
Ekspertin sözlərinə görə, Bako Saakyanın Fransa və Rusiya prezidentləri ilə bir cərgədə dayanması xüsusilə arzuolunmazdır: “Bu vaxta qədər Bako Saakyan hər il aprelin 24-də gəlirdi”.
Keçmiş KQB agenti, daha sonra Rusiya xüsusi xidmət orqanlarının işçisi olan, bu üzdən Qarabağ erməniləri arasında “KQB tulası” kimi tanınan Bako Saakyanın aprelin 24-də İrəvana getməməsində Rusiya prezidentinin rolunu Moskvadakı mənbələr də təsdiq edirlər.
Moskvadakı məlumatlı mənbələr virtualaz.org saytına bildirib ki, bu məsələdə prezident Vladimir Putin xüsusi mövqe ortaya qoyub.
Məlumata görə, Rusiya dövlət başçısı İrəvana səfərinin Azərbaycan və Türkiyə ilə münasibətlərə zərər vurmaması üçün bütün detalları ölçüb-biçib.
Putin özü son anda İrəvana səfər etməyə qərar versə də Çanaqqala döyüşlərinin 100 illiyi mərasimlərinə də yüksək səviyyəli nümayəndə heyətini göndərir. Habelə Kreml Rusiya prezidentinin səfəri üçün elə protokol hazırlayıb ki, Azərbaycan tərəfi bu səfərdən mümkün qədər az narazı qalsın. Və Putinin şərtlərindən biri də mərasimlərdə Qarabağdakı rejimin başçısının iştirak etməməsi olub.
Bu arada dünya ermənilərinin, Ermənistan hakimiyyətinin illərlə apardığı işə baxmayaraq “soyqırımı” mərasimlərində cəmi 4 prezidentin - Rusiya, Fransa, Kipr və Serbiya prezidentlərinin iştirakını razılaşdırmaq mümkün olub.
Mərasimlərdə 6 rəsmi nümayəndə heyəti iştirak edəcək. Onlardan cəmi 4-nə prezidentlər başçılıq edir, qalanları isə ya nazirlər, ya daha aşağı rütbəli rəsmilərdir.
Prezident Serj Sərkisyanın müşaviri Viqen Sərkisyan deyib ki, bir çoxları mərasimə qatılmaq istəyib, ancaq “üzrlü səbəblərdən” bunu edə bilməyiblər. O cümlədən ABŞ-ı kimin təmsil edəcəyi hələ məlum deyil.