Rusiyadan Gürcüstana daha bir həmlə: - Azərbaycan internetinin yarısı “Vimpelcom”a keçir

10-11-2015, 15:49           
Rusiyadan Gürcüstana daha bir həmlə: - Azərbaycan internetinin yarısı “Vimpelcom”a keçir
Rusiyanın Gürcüstanda daha bir strateji infrastruktura nəzarəti ələ almaq üçün hərəkətə keçdiyi məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, bu ölkənin telekommunikasiya şirkəti “Vimpelcom” Gürcüstandan keçən və Cənubi Qafqaz respublikalarının internet trafikinin əsas hissəsini təmin edən optik-lifli kabelinin mülkiyyətçisi “Caucasus Online” internet provayderinin səhmlərini almaq istəyir.

“Caucasus Online” şirkətinin əsasını qoyan Mamia Sanadiradze “Vimpelcom”un şirkətin səhmlərini almaq istədiyini təsdiq edib. Lakin Rusiya şirkəti hələlik bu barədə şərh vermir.

Gürcüstan mətbuatı yazır ki, Rusiya kapitalı gürcü iqtisadiyyatının strateji sahələrində getdikcə möhkəmlənir. Bura energetika, bank işi, əlvan metalların hasilatı, su təchizatı və s. daxildir.

Xatırladaq ki, Gürcüstan Rusiyadan kommersiya təyinatlı qaz almaq üçün danışıqlar aparır. Habelə “Qazprom” Rusiyadan Ermənistana qaz nəql edən kəmərin Gürcüstan hissəsini almağa maraq göstərir. Rusiya Gürcüstanın Qara dəniz limanlarında da aktivləri əldə etmək üçün danışıqlar aparır.

“Vimpelcom” şirkəti isə 2007-ci ildən Gürcüstan bazarında fəaliyyət göstərir, bazarda 24 faizlik paya malikdir və 1,2 milyon abonenti var. Gözlənilir ki, Rusiya şirkəti Gürcüstanın internet-provayderinin səhmlərini almaq barədə rəsmi müraciətini bu günlərdə təqdim edəcək.

“Caucasus Online” şirkətinin sahibi Mamia Sanadiradze deyib ki, “Vimpelcom” bu sövdələşməni başa çatdırandan sonra Avropanı Asiya ilə birləşdirən 1200 kilometrlik optik-lifli kabelin də mülkiyyətçisinə çevriləcək. Bu halda Rusiyanın regiondan keçən informasiya axını üzərində güclü nəzarət mexanizmi olacaq.

Həmin kabel 2008-ci ildən etibarən Qara dənizin dibindən keçir. Kabel sayəsində “Caucasus Online” şirkəti Gürcüstanın internet trafikinin 55 faizini, Ermənistanın internet trafikinin 85 faizini, Azərbaycanın internet trafikinin isə 50 faizini təmin edir.

Məsələ ondadır ki, strateji əhəmiyyətli bu kabeli almağa Azərbaycan da maraq göstərirdi. Bir müddət əvvəl gürcü mənbələri xəbər vermişdi ki, Azərbaycanın aparıcı internet-provayderi “Azeronline” “Caucasus Online” şirkətinin 1200 kilometrlik optik-lifli kabelini almağa maraq göstərir.

Gürcüstan mətbuatının yazdığına görə, Azərbaycanın bu kabelə maraq göstərməsi təəccüblü deyildi. Çünki tam yüklənmə halında kabel yaxşı gəlir gətirə bilər. Eyni zamanda Ermənistanın internetinin 85 faizinə nəzarət də Azərbaycana keçmiş olacaq. Bu isə Ermənistana aid informasiyalara nəzarət etmək imkanı verəcək. Bu baxımdan Azərbaycan şirkətinin kabelə maraq göstərməsinin siyasi motivləri var.

Lakin Azərbaycan şirkətinin “Caucasus Online” şirkətinin səhmlərini almaq niyyətinin sonrakı aqibəti məlum olmadı. İndi isə göründüyü kimi, Rusiya şirkəti bu mühüm aktivi almaq istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.