2,3 milyonun kredit borcu var: Azərbaycanda banklar çökə bilər?
Bu gün, 00:08

2024-cü ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərdə müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub.
“Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15 %-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Borclanma məsələsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır", - AMB bəyan edib.
Əhalinin borc yükü niyə artır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əhalinin borc yükünün artmasının əsas səbəbi gəlirlərlə xərclərin uyğunsuzluğu və insanların kreditə olan meylinin artmasıdır:
“Əvvəlki illərə nisbətən kredit götürmək bir qədər asanlaşıb. Mağazaların özləri belə məhsul satışında müxtəlif şətrlərlə kreditlər təklif edirlər. Vətəndaşlara da bu sərf edir. Bəzi hallarda vətəndaş heç düşünmür ki, bunu qaytara biləcək, yoxsa yox. Ancaq üst-üstə borcları yığır.
Əhalinin böyük əksəriyyətinin gəlirləri o borcları qaytarmağa yetərli deyil. Ona görə də ölkədə təqribən 2,3 milyon insanın kredit borcu var ki, bu 10 milyon əhali olduğumuzu nəzərə alsaq kifayət qədər böyük rəqəmdir.
Bunun 2,7 milyonunun 0-18 yaş arası uşaq olduğunu nəzərə alsaq, bu həddindən artıq böyük rəqəmdir. Borc yükünün artması bir müddətdən sonra bankların dayanıqlığına da mənfi təsir göstərə bilər”.