Rusiya Suriyada daha bir aviabaza açır, - təyyarələrin sayı 100-ə çatdırılacaq

1-12-2015, 15:22           
Rusiya Suriyada daha bir aviabaza açır, - təyyarələrin sayı 100-ə çatdırılacaq
Rusiya Suriya ərazisində daha bir hərbi hava bazası açmağa hazırlaşır.

Virtualaz.org saytı Küveytin “Əl-Rai” qəzetinin yaydığı məlumatlara istinadən xəbər verir ki, Rusiyanın Hava-Kosmik Qüvvələrinin qruplaşması Homs şəhərindən 35 kilometr cənub-şərqdə yerləşən Şeyrat aerodromunda yerləşəcək. Bununla da Suriyadakı aviaqruplaşmanın sayı 100 təyyarəyə qədər çatdırılacaq.

Şeyrat bazasında 45 möhkəmləndirilmiş aviasiya anqarları var. Bu anqarlar bazanın atəşə tutulması zamanı təyyarələri mühafizə etməyə imkan verir.

Məlumatın mənbəyi kimi Dəməşqdəki Rusiya-Suriya-İran birgə hərbi qərargahı göstərilir.

Rusiyanın hazırda Hmeyim aviabazasında 35 qırıcı və bombardmançı təyyarəsi var.

Şeyrat aerodromu isə istənilən tip təyyarələri qəbul etməyə imkan verən uçuş-enmə zolağına malikdir. Hazırda aerodromda təmir işləri gedir.

Rusiya güc strukturlarındakı mənbə lenta.ru-ya Şeyrat aerodromunda aviabaza yaradılacağına dair məlumatı təsdiqləyib. Mənbə bildirib ki, bu baza Suriyanın cənub-şərqində əməliyyatları genişləndirmək üçün zəruridir.

“Palmira rayonunda və daha sonra şərq istiqamətində, Deyr-əz-Zorda hücum əməliyyatlarını dəstəkləmək üçün Hmeymim aviabazası kifayət etmir. Çünki uzaqda yerləşir, bu da xüsusən hücumçu təyyarələrin və vertolyotların fəaliyyətini çətinləşdirir. Nəticədə döyüş meydanında və terrorçuların arxa cəbhəsində hədəflərin vurulmasının effektivliyi azalır”- deyə mənbə bildirib.

Qeyd edilir ki, noyabrın 17-də Rusiya Müdafiə Nazirliyindəki videotəqdimat zamanı Şeyrat aerodromu yaxınlığında Rusiya ordusunun artilleriya batareyasının mövqe tutduğu görünüb. Həmçinin məlum olub ki, Şeyrat aerodroumunda 4 Mi-24 və 1 Mi-8 vertolyotu dislokasiya edilib. Bu vertolyotların Suriyaya, yoxsa Rusiyaya aid olduğu bilinməyib.

Rusiyanın Suriyada ikinci aviabaza açmaq və təyyarələrin sayını üçqat artırmaq qərarı bu ölkədə Bəşər Əsəd rejimini müdafiə etmək üçün başladılan əməliyyatların əvvəl elan edildiyi kimi, 3 ay deyil, daha uzun müddət sürəcəyini göstərir.

İsrail güc strukturlarındakı mənbə də Şeyrat aerodromunda Rusiya hərbi bazasının yaradılmasına hazırlıq getdiyini təsdiqləyib.

Flightradar24 saytının məlumatları da təsdiq edir ki, Şeyrat aerodromu rayonunda Rusiyanın hərbi-nəqliyyat təyyarələrinin, o cümlədən An-124 təyyarələrinin uçuş intensivliyi müşahidə edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.