Tbilisidə aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb

18-11-2019, 20:12           
Tbilisidə aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb
Tbilisidə Gürcüstan parlamenti ətrafında keçirilən aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

DİN-dən qeyd olunub ki, parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir.

Yaxın zamanlarda mərkəzi küçə və yollarda avtomobillərin hərəkətinin bərpa olunması nəzərdə tutulub.

Hazırda polis əməkdaşları ictimai asayişin qorunması məqsədilə Rustaveli prospektində qalırlar.

***18:16

Gürcüstan parlamentinin bütün girişləri aksiyaçılardan tam təmizlənib.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın ətraf ərazisi xüsusi təyinatlıların nəzarətinə götürülüb.

Aksiyanın dağıdılması zamanı saxlanılan və xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.

Hazırda Tbilisi meriyasının nəzdindəki “Tbilservice Group” şirkətinin əməkdaşları parlamentin binası önündəki Rustaveli prospektində təmizlik işləri aparırlar.

*** 17:49

Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısında aksiyaçıların qurduqları çadırları ərazidən götürüblər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın dağıdılması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Artıq parlament binasının arxa hissəsi etirazçılardan təmizlənib.

Polis parlament ətrafında qalan aksiyaçılara ərazini tərk etməklə bağlı yenidən xəbərdarlıq edib.

Hazırda xüsusi təyinatlılardan ibarət dəstə qanunverici orqanın qarşısındakı Rustaveli prospektində yerləşdirilib. Əraziyə su şırnağı maşını da cəlb olunub.

*** 17:06

Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, xüsusi təyinatlılar etirazçıların canlı səddini yarıb.

Ərazidə xüsusi təyinatlı nəqliyyat vasitələri də yerləşdirilib.

Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçının saxlanıldığı bildirilir.

*** 16:34

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara parlament ətrafını tərk etmək üçün 30 dəqiqə vaxt verib.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar, öz növbəsində, aksiyanın dinc olduğunu və heç yerə getməyəcəklərini bildiriblər.

Xüsusi təyinatlılar artıq parlament ətrafına cəlb olunublar.

Aksiya iştirakçıları polisin əraziyə daxil olmasının qarşısını almaq üçün canlı zəncir yaradıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.