Rusiya oğurluq üstündə yaxalandı: Yaxalayan isə türk balıqçıları olub

15-12-2015, 19:36           

Bir müddət əvvəl Rusiya hərbi gəmisinin Qara dənizdə bir balıqçı qayığına xəbərdarlıq atəşi açdığı bildirilmişdi. Rusiya tərəfi bunu Türkiyəyə məxsus qayığın onlara 600 metr qədər yaxınlaşması ilə izah etmişdi.

Strateq.az-ın bildirdiyinə görə, insidentin açıqlanmayan bir detalı artıq üzə çıxıb. Sən demə, həmin vaxt Rusiyanın Sahil Təhlükəsizlik Xidmətinə aid gəmi oğurluqla məşğul imiş. Oğurlanan nəsnə isə kiçik əşya da deyilmiş. Məgər, bu, Ukraynaya aid iki neft qazma platforması imiş. Balıqçı qayıqları isə təsadüfən hadisənin üzərinə çıxıblar. Türkiyənin “Hürriyyət” qəzetinin əldə etdiyi məlumatda belə deyilir.

Platformaların qiyməti də xeyli bahalı imiş: Təxminən, 25 milyard rubl. Başqa sözlə desək, 355 milyon dollar.

Rusiyanın Ukrayna mülkiyyətini oğurlamasının, özünə görə, məntiqi əsası da var. Məlumdur ki, Ukrayna böhranı başlayar-başlamaz şimal qonşumuz bu ölkəyə tabe olan Krımı ilhaq etmişdi. Platformalar da Krımın "Çernomornefteqaz" adlı neft şirkətinə məxsusdur. Krımın 2014-ci ildə bir referendumla Ukraynadan qoparaq Rusiyaya qatılmasının ardından həmin şirkət Rusiya müəssisəsinə çevrilib. Amma rəsmi sənədlərdə hələ də Ukraynanın "Naftaqaz" şirkətinə bağlı kimi görünür. Bir sözlə, iki ölkə arasında bu platformanın kimə məxsusluğu barədə anlaşmazlıq var.

Ukrayna rəhbərliyi bir müddət əvvəl məlum anlaşmazlığa aydınlıq gətirmək üçün beynəlxalq məhkəməyə müraciət edəcəyini açıqlamışdı. Görünür, Rusiya əlavə problem yaşamamaq üçün məsələni bəri başdan həll etmək eşqinə düşüb. Şanssızlıqdan həmin oğurluq hadisəsi də Türkiyənin balıqçı qayığının həmin vaxt eyni məkanda olmasına təsadüf edib.

Belə aydın olur ki, Rusiya “qara məni basınca mən qaranı basım” məntiqinə əsaslanaraq oğurluq əməlini Türkiyəni təhdid etməklə ört-basdır etməyə çalışırmış. Lap, Türklərin bir atalar sözündə deyildiyi kimi, “minarəni oğurlayan onun torbasını da hazırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.