Nazarbayevlərin Londondakı mülkü müsadirə oluna bilər - Məhkəmə başladı
12-03-2020, 00:01
London məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinə bağlı bir London malikanəsinin və iki başqa mülkün bundan sonrakı taleyini müəyyən etməlidir.
"AzPolitika.info" "azadliq.org"-a istinadla xəbər verir ki, London Ali Məhkəməsində martın 10-da keçirilmiş dinləmədə bu mülklərin sahibi olan şirkətlərin vəkilləri, Britaniya Milli Cinayət Agentliyinin bu daşınmaz əmlaka bağlı təhqiqatının dayandırılmasını tələb etməli idilər. Xəbər verilir ki, söhbət zirzəmisində üzgüçülük hovuzu və kinoteatrı olan böyük malikanədən gedir.
Malikanə Londonda “milyarderlər cərgəsi” kimi tanınan dəbdəbəli məhəllədə yerləşir. Sərt təhlükəsizlik sistemi olan mülk ofşor ərazidə yerləşən şirkətlərin mülkiyyətindədir, lakin sənədlərdən məlum olur ki, bu evdə Nazarbayevin nəvəsi Nurəli Əliyev və onun arvadı Aida yaşayırlar. Nazarbayevlərin sözügedən daşınmaz əmlakı ümumi dəyəri 104 milyon dollar olan üç mülkdən biridir.
2019-cu ilin mayından bəri bu mülklərə Britaniyanın yeni İzaholunmaz Sərvət Orderi tətbiq olunub. Britaniya Milli Cinayət Agentliyi bu orderdən istifadə edərək korrupsiyada şübhəli bilinən xaricilərin, onların ailə və qohumlarının mülkiyyəti barədə araşdırmaya başlaya bilər. Bu order ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya tətbiq edilib.
Nazarbayevə bağlı malikanədə yaşayan Əliyevin biznesmen və investor olduğu bildirilib. Xatırladaq ki, ötən il Britaniya məhkəməsi Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlunu mənşəyi bəlli olmayan 650 min funt sterlinqi dövlətə verməyə təhkim edib. Ona da İzaholunmaz Sərvət Orderi tətbiq olunmuşdu.