ABŞ-ın Bakıdakı diplomatının gizli missiyası

22-01-2016, 17:26           
ABŞ-ın Bakıdakı diplomatının gizli missiyası
ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqanın vəzifələri nədən ibarətdir? Səfirliyin saytında bu barədə heç nə deyilmir, ancaq Birləşmiş Ştatların Diplomatik Xidmət İnstitutunun direktoru, səfir Nensi MakEldouni “Parade” jurnalına Derek Hoqanın Bakıda əslində nə işlə məşğul olduğunu açıqlayıb.

Virtualaz.org xəbər verir ki, jurnal Dövlət Departamentində 24 mindən çox diplomatın işlədiyini, onların ölkənin maraqları naminə ABŞ-ın özündə və dünyanın hər yerində xidmət keçdiyini qeyd edir. Lakin Amerika diplomatlarının fəaliyyəti, onların nə dərəcədə mühüm iş gördüyü bəzən diqqətdən kənarda qalır.

Səfir Nensi MakEldouni deyir ki, bu insanlar diplomat kimi bütün dünya boyu xidmət keçərək bəzən həyatlarını riskə atırlar. Onların işi tez-tez təhlükəli və çətin olur. Və bir qayda olaraq gözə görünmür.

Məsələn, Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olmuş peşəkar diplomat Derek Hoqan kimi. Derek Hoqan keçmiş Sovet İttifaqında, Latın Amerikasında və müharibənin qızğın vaxtlarında Əfqanıstanın kənd rayonlarında xidmət keçib. “Bakıdakı indiki missiyasında Hoqan əsasən, qeyri-stabil, mürəkkəb Xəzər regionunda qanunsuz silah tranzitinin qarşısını almaq və terrorçu şəbəkələri dağıtmaq üçün işləyir”-Nensi MakEldouniyə istinadən “Parade” yazır.

Derek Hoqan ABŞ diplomatik xidmətinin karyeralı üzvüdür. O, bundan əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə Bürosunda, Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə Riçard Holburkun müşavirliyində işləyib. Əfqanıstanın şimalında və şərqində iki hərbi-bərpa proqramının koordinatoru olub. Habelə Kolin Pauelin dövlət katibi işlədiyi dövrdə onun xüsusi müşaviri işləyib, Dövlət Departamentinin Əməliyyat Mərkəzində vəzifə tutub.

Riçard Morninqstarın Azərbaycandakı səfir missiyası başa çatandan sonra Birləşmiş Ştatların diplomatik missiyasına müvəqqəti rəhbərliyi də Derek Hoqan həyata keçirirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.