Çin Corc Sorosu düşmən elan etdi
27-01-2016, 10:26
Çin məşhur amerikalı maliyyəçi Corc Sorosu ölkənin milli valyutası olan yuanın düşməni elan edib.
Bu barədə “Financial Times”da dərc olunan məqalədə deyilir. Qəzet Çin rəsmilərinə istinadən yazır ki, milyarder Corc Soros yuana qarşı açıq-aşkar savaş aparır: “Çinin Ticarət Nazirliyinin rəsmisi yerli “Cenmin Cibao” qəzetinə açıqlamasında bildirib ki, Soros yuana qarşı “maliyyə yırtıcısı” kimi davranır. Onun Asiya valyutasına qarşı elan etdiyi bu savaş Çinin imkanlarını xeyli məhdudlaşdırır”.
Müəllif yazır ki, bir neçə gün əvvəl Soros “Bloomberg” nəşrinə müsahibəsində Çin iqtisadiyyatında sərt enişin olacağını proqnozlaşdırmışdı. Onun fikrincə, bunun əsas səbəbi dövlət borcunun həddən artıq çox olması və sürətli kapital axınıdır: “Soros xəbərdarlıq etmişdi ki, Çin iqtisadiyyatındakı böhran son nəticədə dünya fond bircalarında da ciddi çöküşə səbəb olacaq. Kapital axını təbii olaraq yuanın devalvasiyasına gətirib çıxarıb. 2015-ci ilin əvvəlində bir ABŞ dolları 6,1 yuana bərabər idisə, 2016-cı ildə bu rəqəm 6,6-ya yüksəlib. Bununla da, Çin valyutası 8 faizə yaxın dəyər itirib. 2015-ci ilin iqtisadi yekunlarına görə, Çində ümumi daxili məhsulun həcmi ilə də bağlı rəqəm ürkəaçan deyil. Və bu rəqəm son 25 ilin ən pis göstəricisi hesab olunur”.