Putindən antikorrupsiya təlimatı: "Pullar geri qaytarılmalıdı"
27-01-2016, 10:30
Rusiya prezidenti Vladimir Putin ölkədən korrupsiya yolu ilə oğurlanan dövlət vəsaitinin geri qaytarılması prosesinin sürətləndirilməsi barədə təlimat verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bunu Prezident yanında Antikorrupsiya Şurasının iclasında deyib.
Putin bildirib ki, ötən il korrupsiya yolu ilə mənimsənilən 15,5 milyard rublun cəmi 588 milyonunu geri qaytarmaq mümkün olub. Prezident ölkədən qanunsuz çıxarılan aktivlərin də geri qaytarılmalı olduğunu deyib.
Putinin sözlərinə görə, sosioloji sorğular əhalinin hökumətin antikorrupsiya siyasətindən razı olduğunu üzə çıxarıb.
Maraqlıdır ki, Putinin bu təlimatı BBC kanalında onunla bağlı efirə gedən «Putinin gizli sərvəti» adlı sənədli filmin nümayişindən sonraya təsadüf edib.
Həmin filmdə Putinin dünyanın ən varlı adamlarından biri olduğu və 40 milyardlıq sərvəti korrupsiya yolu ilə əldə etdiyi bildirilir.