Paris–Tehran yaxınlaşmasının tarixi pərdəarxası
29-01-2016, 16:59
Hafta.az-ın verdiyi xəbərə görə, İran prezidentinin Avropa turnesi çərçivəsində ən məhsuldar səfəri Fransaya olub. Parisdə nə az, nə çox düz 20 saziş imzalanıb. Fransanın “Total” şirkəti xam neftin alışına dair İranın “NIOC”la razılaşıb. Həmçinin, “Airbus” şirkəti İrana 118 sərnişin təyyarəsi satacaq.
Üstəlik, “Vinci” şirkəti İran tərəfi ilə Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarı ilə bağlı saziş imzalayıb. Bundan başqa, “Bouygues” şirkəti Tehrandakı “İmam Xomeyni” hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib.
Axı sanksiyalar İran üzərindən yeni götürülüb. Necə oldu ki, qısa müddətdə İranla Fransa arasında bu qədər saziş mətni razılaşdırılırdı?
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, belə sazişləri adətən illərlə hazırlayırlar:
“Demək, hər iki ölkə sazişlər üzərində sanksiyalar dövründən qapalı şəkildə hazırlaşırmışlar. Bəs Tehran niyə Fransaya üstünlük verdi? Görünür, bu, həm də iranlıların Fransa sevgisi ilə bağlıdır. İran şahı da əməkdaşlıqda Fransaya üstünlük verirdi. Parisi çox sevirdi, elə həyat yoldaşı Fərəhlə də Parisdə tanış olmuşdu. Şahın düşməni İslam İnqilabının ideya daşıyıcısı Xomeyni də son mühacirət yeri kimi Parisi seçmişdi. Elə ölkəsinə də, məhz Fransanın mülki təyyarəsi ilə qayıtmışdı”.