Kəlbəcərdə Paşinyanın yeyib-içdiyi məşhur restoranın sahibi İrəvanda tutuldu...-FOTOLAR
29-01-2021, 10:49

A.Zakaryan restorandakı qalmqaldan sonra demişdi:"Bilmirəm, bu, baş nazirdi, yoxsa çoban?"...”
Nikol Paşinyanın məsuliyyətə cəlb edilməsi tələbi ilə Ermənistan paytaxtında keçirilmiş etiraz aksiyasının təşkilatçılarından biri, "Erməni Milli Qvardiyası" ictimai təşkilatının rəhbəri Arşak Zakaryan həbs olunub.
Moderator.az xəbər verir ki, işğalçı ölkənin News.am nəşrinin yaydığı məlumata görə, bu informasiya yanvarın 28-də İrəvandakı mitinqdə çıxış edənlər tərəfindən açıqlanıb.
Qeyd edək ki, Ermənistanda kinorejissor və müharibə veteranı kimi də tanınan A.Zakaryan həbsindən öncə belə çıxışlar edib:
"Baş prokurora vaxt verdik və Nikol Paşinyanın tutulmasını tələb etdik, çoxdan tutulmalı idi, “Birləşmiş Ermənistan” partiyasının rəhbəri Artur Kazinyan çoxdan dəlillər təqdim edib...
Baş prokuror gəlib Ermənistanın baş naziri Nikol Paşinyanı həbs etmirsə, xalqın tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün onu da həbs etmə məsuliyyətini daşıyırıq...”
Xatırladaq ki, bəhs edilən Arşak Zakaryan 2020-ci il fevralında Paşinyanın ailəsi ilə birgə yeyib-içdiyi və qəbz verilmədiyinə görə qalmaqal yaratdığı Kəlbəcərdəki məşhur restoranın sahibi olub. Moderator.az bu haqda ətraflı məlumat vermişdi. Əyanilik üçün həmin məlumatı bir daha nəzərinizə çatdırırıq:

“İşğalçı ölkənin baş naziri Nikol Paşinyan ötən bazar günü növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Ermənistanın işğalı altındakı torpaqlarımızda hərbi xidmət keçdiyi deyilən oğlu Aşota dəyməyə gəlib. bu haqda Paşinyan özü sosial şəbəkədə paylaşım edib. Düşmən hökumət başçısının yazdığına görə, arvadı, oğlu və qızları ilə birlikdə Kəlbəcər rayonumuzun “Nor Qetaşen”(“Yeni Çaykənd”) adlandırılmış kəndlərindən birində, yol kənarında 2019-cu ildə salınmış “Ari Resort” istirahət kompleksindəki restoranda dincəlməyi qərara alıblar. Restoranda yeyib-içib əyləndikdən sonra Paşinyan ofisianta hesabı ödəyərkən qəbz tələb edib. Lakin restoran əməkdaşları guya aparatda problem olduğunu söyləsələr də, əslində qəbzi vura bilməyiblər. Bundan da Paşinyan belə nəticə çıxarıb ki, deməli, həmin restoranda, ümumiyyətlə, qəbz vurulmur və müdiriyyət bu yolla vergidən yayınır, heç kəs də qəbz tələb etmir. O, bununla bağlı Ermənistan və Qarabağdakı ermənilərə müraciət edərək hər kəsin hər hansı xidmət üçün, o cümlədən restoran və kafelərdə qəbz tələb etmələrini tövsiyə edib. Bununla yanaşı, Paşinyan müdiriyyəti vergidən yayınmaqla "əsgərin çörəyini yeməkdə" ittiham edib və separatçı rejimin "dövlət naziri"nə zəng edərək həmin restoranın cərimələnməsini tələb edib...

Kəlbəcərdəki restoranın sahibi, kinorejissor və müharibə veteranı kimi tanınan Arşak Zakaryan video-müraciət edərək Ermənistan baş nazirini bu hərəkətinə görə sərt tənqid, hətta təhqir edərək deyib:"Bilmirəm, bu, baş nazirdi, yoxsa çoban?"...”
Azərbaycan ordusunun son müzəffər savaşından sonra – noyabrın 13-də isə həmin Arşak Zakaryan Kəlbəcərdə tikdirdiyi restoranı ağlaya-ağlaya tərk etməyə məcbur qalıb...
Sultan Laçın



