ABŞ ikinci cəbhə açır: Kremlə qarşı “anakonda əməliyyatı”da Çinə mesaj

2-02-2021, 21:51           
ABŞ ikinci cəbhə açır:
Yaponiya ilə Çin arasındakı münasibətlərin gərginləşməsi artan xətlə davam edir.

Belə ki, Çinin milli təhlükəsizliyi ilə bağlı aldığı sərt qərarlar Yaponiyada da narahatlığa səbəb olub.

Xəbər verildiyi kimi, Çin sahil təhlükəsizliyi qüvvələrinə ölkənin suverenliyinə təhdid törədən istənilən ünsürün məhv edilməsi ilə bağlı əmr verdikdən sonra Yaponiya həyəcan təbili çalıb. Yaponiya rəsmiləri Çinin bu qərarının beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.

Məlumata görə, rəsmi Tokionun Pekinlə Şərqi Çin dənizində baş verəcək istənilən hərbi qarşıdurmaya hazırlaşdığı qeyd edilib.

Maraqlıdır, Yaponiya ilə Çini qarşıdurmaya təhrik edən amillər hansılardır və iki dövlətin müharibə ehtimalı varmı?

Politoloq Elşən Manafov məsələni Cebhe.info-ya şərh edərkən bildirib ki, Yaponiyanı Çinə qarşı sərt mövqe tutmağa ABŞ təhrik edir:

“Birləşmiş Ştatlarda Baydenin hakimiyyətə gəlməsindən sonra Cənub-Şərqi Asiyada gərginliyin artacağı proqnozunu öncədən vermişdim. Baxmayaraq ki, Bayden Trampdan fərqli olaraq Çinə qarşı “ticarət müharibəsi” aparmayacağını bəyan etmişdi, amma Rusiyanın ən yaxın və mümkün geosiyasi müttəfiqi olan Çinə qarşı “iqtisadi müharibə” Baydenin gələcək planlarına daxil idi. Bayden xarici siyasət proqramını açıqlayarkən bununla bağlı planlarına üstüötülü olsa da aydınlıq gətirdi. Əslində Yaponiyanı Çinə qarşı müharibəyə təhrik edən və sürükləyən, bu iki dövlət arasında gərginliyin yüksələn xətlə artmasında maraqlı olan tərəf məhz Birləşmiş Ştatlardır. Tarixən də Birləşmiş Ştatların Yaponiyaya olan dəstəyi Çinin dünyanın bu bölgəsində arta bilən təsir və nüfuzunu zəiflətmək məqsədi daşıyıb.

Yaponiya ABŞ-ın müttəfiqidir, bu ölkədə Birləşmiş Ştatların hərbi dəniz və hərbi hava bazaları var. Məsələ burasındadır ki, Yaponiyanın İkinci Dünya Müharibəsindən sonra qəbul olunmuş konstitutsiyasına görə, bu ölkə nüvə silahına malik ola bilməz. Lakin rusiyalı alimlər qəti şəkildə bildirirlər ki, əgər Yaponiya bu gün uranın zənginləşdirilməsi ilə bağlı proseslərə start versə, təxminən iki ay ərzində nüvə silahına malik olar. Yeri gəlmişkən, bu dəqiq proqnozdur. Bu isə Çin üçün ciddi təhdid və təhlükədir. Zamanında necə ki, Hindistan sovet rejimi ilə yaxın idi və bloklara qoşulmayan sövlətlərin sırasındaydı, onda da Hindistana qarşı Pakistan layihəsini Birləşmiş Ştatların anqlosaks dünyası üzrə müttəfiqi Britaniya formalaşdırdı.

Beləliklə, Cənub-Şərqi Asiyada Hindistan və Pakistan arasında qarşıdurmanın səbəbkarı əgər Britaniyadırsa, Çinlə Yaponiya arasındakı qarşıdurmada maraqlı olan tərəf Birləşmiş Ştatlardır. “Soyuq müharibə”dən sonra ABŞ və SSRİ arasındakı gərginlik Koreyanın da bölünməsinə gətirib çıxarmışdı”.

Politoloq hesab edir ki, Baydenin hakimiyyətə gəlişi ilə Çin və Tayvanın münasibətlərində də gərginlik artacaq:

“Hesab edirəm ki, Baydenin hakimiyyətə gəlişi ilə Çinlə Tayvan arasındakı münasibətlərdə gərginlik artacaq. Çünki Syanqan adası üzərində Çinin süveren hüquqları dünya birliyi tərəfindən tanınsa da, həmin məsələyə ABŞ münasibəti birmənalı deyil. İstisna etmirəm ki, Yaponiya- Çin münasibətlərindəki gərginliyin artmasında olduğu kimi, Çin- Tayvan münasibətlərinin də gərginləşməsinə Birləşmiş Ştatlar öz töhfəsini verəcək. Yaponiya nüvə silahı baxımından Çinlə qarşıdurmaya hazır olmadığı üçün onlar arasında müharibə ehtimalı yox dərəcəsindədir. Çünki onlar arasında münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələr də bu müharibədə maraqlı deyillər. Navalnının həbsindən sonra Rusiyada başlanan iğtişaş və çağırışlar təsadüfi deyil. ABŞ Rusiya ətrafında artıq “anakonda əməliyyatı”na başlayıb və onun MDB məkanında təsir imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də Çinə mesaj verir. Bu mesajın ilkin işarəti məhz Yaponiya ilə münasibətlərdə artıq özünü göstərib”.

E.Manafov hesab edir ki, Yaponiya ilə Çin arasında münasibətlər daha da gərginləşərsə, lokal toqquşma ilə nəticələnə bilər:

“Münasibətlər daha da gərginləşərsə, Yaponiya ilə Çin arasında lokal toqquşmalar ola bilər. Lokal toqquşmanın olması əslində Çinin özünə də sərf edir. Çünki Çin son bir neçə ildə öz hərbi qüdrətini artırmaqdadır. Güman edirəm ki, lokal toqquşma Çinə öz hərbi gücünü ABŞ-a nümayiş etdirmək baxımından fürsət verə bilər. Yaponiya bu qarşıdurmaya getməməlidir. Çünki Yaponiya öz hərbi xərclərini son 25 ildə artırıb və nüvə silahı baxımından bu qarşıdurmaya hazır deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.