“Navalnının həbsi onun zindandan Kremlə yolunu açdı” – Rusiyanı nə gözləyir?
3-02-2021, 11:04

Natiq Cəfərli: “Rusiya hakimiyyəti Navalnını həbs etməklə axmaqlıq etdi”
Moskvanın Simonovski məhkəməsi Rusiya müxalifətinin lideri Aleksey Navalnının “Yves Rocher” işi ilə bağlı şərti cəzasını ləğv edərək, onu 3.5 il müddətinə həbs cəzası ilə əvəzləyib. Bundan sonra Rusiyada icazəsiz aksiyaların keçirilmə ehtimalını nəzərə alan polis, təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxt Moskvada isə barrikadalar qurulub.
Bəs görəsən Navalnının həbsindən sonra Rusiyada vəziyyət necə olacaq?
Mövzunu KONKRET.az-a şərh edən “REAL”ın icra katibi Natiq Cəfərli bildirib ki, Rusiya hakimiyyəti Navalnını həbs etməklə ya axmaqlıq etdi, ya da 2024-cü ilə onun zindandan Kremlə yolunu açdı: ”Əgər yaxın zamanda onu azad etməsələr, 2024-cü ildə ona rəqib ola bilməyəcəklər. Dumaya növbəti seçkilərdə Yuliya Navalnaya etirazın simvolu olacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, Vladimir Putin bəyənmədiyi Lukaşenkonun yolu ilə getdi: “Yuliya Rusiyanın yeni “Tixanovskayası” olacaq. Hətta bu il xalqın ciddi dəstəyi ilə Dumaya seçilsə heç təəccüblənmək lazım deyil. 2021-ci ilin Duma seçkiləri çox maraqlı olacaq, yenə məhz seçki ərtafında siyasi aktivlik artacaq. Nə Navalnı, nə onun həmfikirləri heç vaxt seçkiləri boykota çağırmayıb, bu il də çağırmayacaq”.