Bayden Floydun ölümü ilə bağlı ittiham aktını ədalətli adlandırıb
21-04-2021, 07:48
ABŞ prezidenti Cozef Bayden afroamerikalı Corc Floydun ailəsinə zəng vurub. ABŞ rəhbəri afroamerikalının ölümü haqqında iş üzrə ittiham hökmünü ədalətli və əhəmiyyətli adlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, tərəflərin söhbətini Floyd ailəsinin vəkili Ben Kramp tvitterdə paylaşıb.
"Bütün bunları heç nə tamamilə düzəldə bilməz, amma bu heç olmasa hansısa bir ədalətdir", - Amerika lideri hökm haqqında danışarkən deyib. "Bu çox əhəmiyyətlidir", - o əlavə edib. Bayden ölkədə polisin işinin islah edilməsi haqqında da danışıb. "Biz hələ çox şey etməliyik, biz çox şey edəcəyik", - Ağ Ev rəhbəri vurğulayıb.
Daha əvvəl Minneapolisdə (Minnesota ştatı) məhkəmə Corc Floydun qətlində ittiham olunan sabiq polis əməkdaşı Derek Şovini təqsirkar bilib.
Rezonans təhqiqat martın 8-də başlayıb. Şovin ötən ilin 25 mayında Corc Floydun yaxalanması zamanı boğucu üsul tətbiq edib. Afroamerikalı bundan sonra tezliklə ölüb. Mayın 26-da Şovin və üç polis əməkdaşı işdən çıxarılıblar. Floydun ölümü ABŞ-da kütləvi aksiyalara səbəb olub.