ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstanda vəziyyətlə bağlı bir sıra görüşlər keçirib

23-09-2021, 19:35           
ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstanda vəziyyətlə bağlı bir sıra görüşlər keçirib
ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstanda vəziyyətlə bağlı bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsi bu gün elan edib. O bildirib ki, Blinken əvvəlcə beş tərəfdaşın – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu “C5+1” görüşündə iştirak edib. Qeyd olunub ki, “C5” regional əməkdaşlıq üçün çox mühüm diplomatik forum olaraq qalır. Ona görə də heç şübhəsiz, qonşu Əfqanıstanda vəziyyətin müzakirə edilməsi bu ölkələr üçün çox vacib idi.

Bu görüşdən sonra Blinken “G20” qrupunun italiyalı nümayəndələri tərəfindən təşkil edilmiş, Əfqanıstanda vəziyyətə həsr olunmuş virtual görüşdə iştirak edib. Blinken həmin görüşdə bəyan edib ki, beynəlxalq birlik taliblərin öz öhdəliklərinə, xüsusən Əfqanıstanda qadın hüquqları barədə vədlərinə sadiq qalacağını gözləyir. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, taliblərin beynəlxalq birlikdən gözlədiyi dəstək onların özlərini necə aparacağından və beş şərtə riayət etmələrindən asılı olacaq.

Blinken qeyd edib ki, əvvələn, taliblər əcnəbi vətəndaşların və əfqanların belə bir arzusu olduğu halda onların sərbəst yerdəyişmələrinə və ölkə hüdudlarından kənara getmələrinə imkan verməlidirlər. Bu, taliban ilə hər hansı konstruktiv qarşılıqlı fəaliyyət üçün ilkin şərt olmalıdır.

İkincisi, taliblər terrorçu qruplaşmaların Əfqanıstan ərazisindən başqa ölkələrə təhlükə doğuran əməliyyatlar həyata keçirmək üçün baza kimi istifadə etmələrinin qarşısını almalıdırlar.

Üçüncüsü, dünya birliyi Əfqanıstanda insan hüquqlarına riayət olunmasını, o cümlədən qadınların, qızların və azlıq təşkil edən icmaların üzvlərinin hüquqları müdafiə edilməsini dəstəkləməlidir. Taliblər son 20 il ərzində koalisiya qoşunları ilə əməkdaşlıq etmiş və əvvəlki hökumətlər üçün işləmiş şəxslərə qarşı repressali və məcburetmə tədbirləri tətbiq etməməlidirlər. Taliblər bu insanların hamısını əfv etməlidirlər.

Dördüncüsü, ABŞ Əfqanıstana humanitar köməyin maneəsiz çatırılmasını təmin etmək məqsədilə Talibana təzyiq göstərməkdə davam edəcək. Blinken BMT-nin dərc olunmuş məlumatlarına istinad edərək deyib ki, Əfqanıstan əhalisinin təqribən yarısının humanitar yardıma ehtiyacı var. ABŞ Əfqanıstana humanitar kömək göstərilməsinin tərəfdarıdır. Xəbər verildiyi kimi, belə humanitar yardım qismində 64 milyon dollar ayrılacaq. ABŞ humanitar yardım çatdırılmasını sadələşdirmək üçün taliblərin hökumətinə qarşı, habelə Əfqanıstanda sanksiyalar tətbiq olunan digər subyektlərə qarşı sanksiyalar rejiminin qüvvədə olmasına baxmayaraq maliyyə müəssisələri, əcnəbi tərəfdaşlar, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işi davam etdirir.

Nəhayət, ABŞ Talibanı əfqan xalqının ehtiyaclarını təmin edə biləcək inklüziv hökumət formalaşdırmağa çağırıb. Blinken xatırladıb ki, taliblərin rəhbərliyində böyük əksəriyyət bir etnik qrupun nümayəndələridir. Onlar yalnız kişi cinsindəndir və Amerika qoşunlarına, koalisiya qoşunlarına və dinc sakinlərə hücumlar etməsi ilə məşhur olan insanlar qrupudur. Blinken vurğulayıb ki, sabit və təhlükəsiz Əfqanıstan üçün əsas şərt Əfqanıstanın bütün vətəndaşlarının mənafelərini təmsil edəcək hökumət yaradılmasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.