“Qarabağ klanı” Paşinyanı dalana dirəyib: - “Ermənistanda hakimiyyət dəyişikliyi olsa da...”
22-11-2021, 17:52

Bu gün Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları başlayıb.
Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.
Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.
Eyni zamanda, bu gün saat 17:00-da Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur.
Görünən odur ki, Nikol Paşinyanın durumu pisləşməyə davam edir.
Maraqlıdır, revanşistlər kimdən belə dəstək alırlar? Rusiyadan, yoxsa Qərbdən?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistandakı mövcud revanşist qüvvələr Qərbdən daha çox Rusiyaya arxalanırlar:
“Çünki bu proseslərin başında Robert Köçəryanın olduğu görünür. O, isə vaxtında Rusiyanın əliylə hakimiyyətə gəlmişdi. Ondan sonra iqtidara gələn Serj Sarkisyan da məhz eyni komandanın üzvü idi.
Ümumiyyətlə, Ermənistanda 2018-ci ilə qədər Rusiyanın canişinləri hakimiyyətdə olublar. İndi də etirazçıların başında məhz Köçəryan və Sarkisyan dayanır. Onlar həm Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər, həm də başa düşürlər ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində növbəti ərazi itkilərinə məruz qalacaqlar. Çünki Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytaracaq. Buna görə də onlar bu prosesə qarşı çıxırlar.
Bununla yanaşı, həmin qüvvələrin Qərbin də müəyyən dairələri tərəfindən qızışdırıldığını düşünürəm. Qərb Ermənistanı Rusiyadan tamamilə qoparmaq və yenidən ATƏT-in Minsk qrupu formatında regiona gəlmək istəyir”.
Partiya sədri onu da əlavə edib ki, Paşinyan hazırda həm Rusiya, həm də Qərb ilə oynayır:
“9 noyabr tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü gözlənilsə də, bu baş vermədi.
Sonradan məlum oldu ki, bu görüşə daha çox qarşı çıxan məhz Paşinyan olub. Lakin 15 dekabrda Avropa İttifaqının təşəbbüsü ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu isə o deməkdir ki, Qərb proseslərə yenidən qoşulmaq istəyir.
Ümumiyyətlə, Ermənistandakı gərginliklər onların özünün ziyanınadır. Hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa da, bu proseslər Azərbaycanın qələbəsi ilə yekunlaşacaq”.