Amerika qoşunları Polşaya çatıb
7-02-2022, 11:47

Rusiyanın qonşu Ukraynanı işğal edəcəyinə dair narahatlıqlar fonunda, NATO-nun Şərqi Avropadakı müttəfiqlərini gücləndirmək üçün göndərilən ilk Amerika qoşunları Polşaya çatıb.
Bu barədə Polşanın Müdafiə Nazirliyi bildirib.
“Elan olunduğu kimi, Birləmiş Ştatlar Ordusunun 82-ci Hava Desant Diviziyasından briqada döyüş qrupunun ilk elementləri Polşaya çatıb,” Polşa ordusunun sözçüsü deyib.
ABŞ qoşunları Polşanın cənub-şərqində, Ukrayna ilə sərhəddə yerləşən Rzeszov hərbi bazasına çatıblar.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ora 1700 əsgərin göndərilməsinə göstəriş vermişdi. 2017-ci ildən bəri isə Polşada rotasiya əsasında təxminən 4000 ABŞ əsgəri yerləşdirilib.
Bayden həmçinin Rumıniya və Almaniyaya qoşun göndərilməsinə göstəriş verib və bununla da əlavə qoşun sayı təxminən 3000-ə çatıb.
Əlavə ABŞ hərbçilərinin ilk kontingenti Almaniyaya gedib.
ABŞ ordusunun Avropa Komandanlığının bildirdiyinə görə, 18-ci Hava Desant Diviziyasından ABŞ qoşunları Almaniyanın Viesbaden şəhərinə çatıb. Komandanlıq Polşaya göndərilməsinə göstəriş verilən 1700 desantçını dəstəkləmək üçün Almaniyada qərargahın təsis olunacağını bildirib.
Məlumat üçün bildirək ki, ABŞ yanvar ayında 8500 ABŞ əsgərini Avropaya göndərmək üçün onları hazır vəziyyətə gətirib.