KİV: “Məhz Bayden MiQ-29-ların Ukraynaya verilməsinə qadağa qoyub”
12-03-2022, 12:37

Polşanın MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsinə qadağa qoyulması barədə qərarı münaqişənin gərginləşməsinə səbəb olmamaq üçün ABŞ prezidenti Co Bayden verib. AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Müvafiq bəyanat Ağ Evə istinadən dərc olunub, baxmayaraq ki, nəşr Ağ Evdə kimin belə bir bəyanatla çıxış etdiyini dəqiqləşdirməyib. Bir qayda olaraq, əgər söhbət konkret şəxsdən getmirsə, ABŞ mediası administrasiyada anonim qalmaq istəyən mənbələrə istinad edir. “The Wall Street Journal” bu məlumatdan Baydeni Rusiya ilə qarşıdurmada zəif olduğuna görə qınamaq üçün istifadə edir. Qəzet ABŞ-ın Moskvanı cilovlamağa hazır olduğunu daha aydın nümayiş etdirməsinin tərəfdarıdır.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, ABŞ belə bir addımın Rusiya tərəfindən eskalasiya kimi qəbul ediləcəyi ilə bağlı yeni kəşfiyyat məlumatı aldığı üçün Polşa qırıcılarının Ukraynaya təhvil verilməsinə qarşıdır. Bir neçə gündür ki, müvafiq qərar ABŞ-da media və Ukrayna münaqişəsi ətrafında yaranmış vəziyyətdə ABŞ-ın rolunun artırılmasını tələb edən bəzi konqresmenlər tərəfindən tənqid olunur.