Ukrayna XİN Mariupoldakı dram teatrının bombalanmasına münasibət bildirib
17-03-2022, 08:14

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Mariupoldakı dram teatrının Rusiya silahlı qüvvələri tərəfindən bombalanması ilə bağlı bəyanat yayıb.
Bu barədə APA-ya Ukrayna XİN-in mətbuat xidmətindən bildirilib.
Bildirib ki, Rusiyanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını, xüsusilə humanitar hüquq normalarını pozaraq, Ukraynada mülki infrastruktur obyektlərini hədəfə alır.
“Martın 16-da Rusiya Hərbi Hava Qüvvələri Mariupoldakı dram teatrının binasına güclü bomba zərbəsi endirib. Teatr binası Rusiya silahlı qüvvələrinin şəhəri bombalaması və atəşə tutması nəticəsində evlərini itirmiş yüzlərlə Mariupol sakini üçün sığınacaq kimi istifadə edilirdi.
Bombanın zərbəsi teatr binasının mərkəzi hissəsini dağıdıb, çoxlu sayda insan dağıntılar altında qalıb. Zərər çəkmiş şəxslərin dəqiq sayını müəyyən etmək hazırda davam edən atəşə görə mümkün deyil.
Mülki əhalinin toplaşdığı yerə məqsədyönlü bombalı hücum təşkil etməklə Rusiya növbəti hərbi cinayət törədib.
Bu cinayət Beynəlxalq Ədalət Məhkəməsinin sədrinin Rusiyanı Ukrayna ərazisində bütün müharibələri dərhal dayandırmağa məcbur edən qərarını elan etməsi ilə eyni vaxtda baş verib”,-deyə Ukrayna XİN bildirib.
Nazirlik beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları gücləndirməyə, habelə Ukrayna xalqının müdafiəsi istiqamətində dəstəyi davam etdirməyə çağırıb.