"Saakyanın üzündə qorxu vardı" - Erməni KİV

12-04-2016, 17:19           
"Saakyanın üzündə qorxu vardı" - Erməni KİV
Dünənki mətbuat konfransında Bako Saakyanın davranışı, görünüşü çox pis təsir bağışladı. Suallara asta-asta cavab verirdi, başını yelləyirdi. Onun cavabları anlaşılmaz, qeyri-adekvatdı. Sanki sualları anlamırdı. Bako Saakyanın cavablarında nə siyasi ritorika vardı, nə də siyasi məzmun. Sanki onun simasında qorxu vardı o gün.

Mir.az xəbər verir ki, İrəvanda çıxan "Lragir" qəzeti ilə yanaşı, "Noyan Tapan" agentliyi də Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Xankəndidə keçirdiyi mətbuat konfransında təşviş içində qalan, nədənsə qorxmuş, hətta mağmın təsir bağışladığını narahatlıqla vurğulayırlar.

"Lragir"in baş redaktoru Haykazn Kahriyan "Bako Saakyanı nə narahat edir?" başlıqlı köşəsində yazır:

"Bako Saakyanın görkəmi çox ciddi narahatlıq yaradır. O, nədənsə qorxmuş, amma bu qorxusunu dilə gətirməkdən çəkinən insan təsir bağışlayır. Ola bilər ki, mən yanılıram, Bako Saakyan həmin mətbuat konfransında yorğun olub. Aprelin 1-dən 5-dək olan döyüşlər ona pis təsir edib, üstəlik ön cəbhədə olub və s. Amma Bako Saakyan əsgər yox, siyasətçidir və anlamalıdır ki, mətbuat konfransında jurnalistlərin qarşısına çıxırsa, ona həmin jurnalistlərdən savayı, milyonlarla erməni baxır.

Mənə belə gəlir ki, deyəsən, Bako Saakyan üzərinə düşən məsuliyyətdən qorxur. Yaxud da bəzi siyasi hadisələrin məzmununu, səbəbini anlamır, nəticələri proqnozlaşdıra bilmir. Yaxud da o, son günlərdəki hadisələrin konkretliyinin məngənəsinə düşdüyündən artıq dərk edir ki, qarabağlı ermənilərin taleyini onlar yox, başqaları həll edirlər. Axı Ermənistan prezidentindən, daha sonra erməni diasporundan, daha sonra "xeyriyyə yardımları" adı altında kömək edib əvəzində konkret tələblər irəli sürən erməni iş adamlarından asılı ola-ola "müstəqil siyasətçi, lider" kimi danışmaq asan deyil".

Müəllifin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı son hadisələr Bako Saakyanın "hakimiyyət dəstəsi"nin zəifliyini, onun daim vurğuladığı "istənilən hücuma cavab verməyə hazırıq" bəyanatlarının mif olduğunu göstərdi.

"Torpaqlarımızı müdafiə edəcəyik" deyən Bako Saakyan Yerevan mediasını və erməni diasporunu qəzəbləndirib.

"Noyan Tapan" agentliyi yazır: "Bako Saakyan hələ də dərk etmir ki, belə primitiv bəyanatları ilə İrəvan restoranlarında "rabis" ("Rabis" Ermənistanda ara mahnılarına deyilir - red.) oxuyan, sonra da televiziya ekranlarına hərbi paltarda çıxıb "Vətəni qoruyacağıq" deyən müğənnilər təki bambılı, yüngül adam təsiri bağışlayır. Saakyan müdafiəçi deyil, siyasətçidir. Di gəl, hələ də siyasətçi kimi danışmağı, siyasətçi kimi davranmağı öyrənə bilməyib". Bako Saakyan elə hey "dünya birliyinin laqeydliyi"indən gileylənir, erməni diasporundan aşkar şəkildə pul dilənir, lakin çətin anlarda mağmın təsir bağışlayır. Belə getsə, Dağlıq Qarabağ indi nəzarət etdiyi Azərbaycan rayonlarını itirəcək".















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.