Zelenski: “Dünyanın ikinci ordusunu sındırırıq”, “Krımı da azad edəcəyik”
25-10-2022, 11:26

Zelenski: “Dünyanın ikinci ordusunu sındırırıq”, “Krımı da azad edəcəyik”
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski dünənki çıxışında deyib:
“Bu gün (24 oktyabr – red.) tammiqyaslı müharibənin başlanmasının düz 8 ayı tamam olur. Bu müddət ərzində nə əldə edilib?
Biz öz dövlətimizin müstəqilliyini qoruduq – və Rusiya artıq bunu dəyişdirə bilməz! Addım-addım Ukrayna torpaqlarını azad edirik. İndi Donbass, Xarkov, Xerson vilayətlərinin adı çəkilir. Lakin Zaporojyenin də, Krımın da adı çəkiləcək: vaxt gələcək bütün Ukrayna azad olacaq.
Ukrayna “dünyanın ikinci ordusu” adlandırılan ordunu sındırır – bundan sonra Rusiya yalnız minnətçi olacaqdır. Gah İrandan nəsə istəyir, gah da Ukrayna barəsində cürbəcür axmaqlıqlar uyduraraq Qərb dövlətlərindən nəsə qoparmağa çalışır.
Rusiyanın potensialı bütün azad dünyaya və dövlətimizə qarşı müharibəyə xərclənir. Qaz nüfuzu vardı – yoxdur. Hərbi nüfuzu vardı – buxarlandı. Siyasi sanbalı vardı – indi təcrid olunub. İdeoloji heysiyyəti vardı – indi ancaq nifrət doğurur”.
Zelenski bunun Avrasiyanın mənzərəsində çox mühüm dəyişiklik olduğunu hesab elədiyini söyləyib: “Rusiya indi öz potensialından nə qədər çox itirirsə, Rusiyanın yaxınlığında və daxilində yaşayan xalqlar da bir o qədər real azadlıq qazanacaqlar. İlk növbədə də Ukrayna”.