"Mövqeləri itirdiyimiz üçün əhali Talış kəndinə qayıda bilmir" - Ayk Xanumyan

23-05-2016, 12:45           
"Mövqeləri itirdiyimiz üçün əhali Talış kəndinə qayıda bilmir" - Ayk Xanumyan
"Yəqin ki, əvvəldən Müdafiə Nazirliyi və Baş Qərargah prezident Serj Sarkisyana itirilmiş ərazilərlə bağlı yanlış məlumat veriblər. Amma hazırda əhali Talış kəndindəki mövqelərin itirilməsi səbəbindən ciddi problemlər yaşayır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri qondarma Dağlıq Qarabağ Respublikasının "parlamentinin" "Milli Dirçəliş" fraksiyasının rəhbəri Ayk Xanumyan Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib.

O bildirib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir.

“Bu mövqelərin itirilməsi qarşı tərəfin Talış kəndindəki evlərə və tarlalara 70% nəzarəti deməkdir. İtirilən ərazilər həm də cənub istiqamətində yerləşən mövqelərimiz üçün ciddi problemlər yaradıb. Çünki yüksəkliklər itirilib. Bizim mövqelərimiz isə zəifləyib. Ona görə də itirilən mövqelər ciddi strateji əhəmiyyətə malikdir”, - deyə Xanumyan bildirib.

Qondarma rejim rəsmisi deyib ki, Sarkisyanın bu bəyanatı vəziyyəti düzgün qiymətləndirmədiyindən irəli gəlir və qeyri-adekvat mövqedir.

Ermənistan prezidenti Serj Sarkisyan Vyana görüşlərindən geri dönən zaman Ermənistan silahlı qüvvələrinin aprel döyüşlərində cəmi 800 hektar işğal olunmuş ərziyə nəzarəti itirdiyini bildirib və bu ərazilərin strateji əhəmiyyət daşımadığını vurğulayıb. Eyni zamanda Sarkisyan Ermənistan silahlı qüvvələrinin ümumuilikdə 800 min hektar Azərbaycan ərazisini işğal etdiyini etiraf edib.

Amma daha sonra onun bu bəyanatı parlament üzvləri və digər rəsmi şəxslər tərəfindən təkzib edilib. Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan deyib ki, ərazilərin itirilməsi qondarma rejimin təhlükəsizliyini laxladıb. O həmçinin itirilən ərazilər arasında bir kəndin də olduğunu deyib.

Həmçinin azad olunan ərazilərlə bağlı Azərbaycanın Müdafiə Nazirliyi də açıqlama verib. Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, Azərbaycan tərəfdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, həqiqətdə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.