`Sarkisyan Qarabağı sakitcə vermək istəyirdi, amma...`

24-05-2016, 01:38           

"Serj Sarkisyan Qarabağı sakitcə vermək istəyirdi. Bundan sonra susmaq mümkün deyil".

Bu sözləri Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan deyib.

O qeyd edib, itirilən 800 hektar (Azərbaycan tərəfi azad olunan torpaqların 2000 hektardan çox olduğunu deyir-red. ) ərazi ilə birgə Ermənistan dövlətçiliyini də itirdi.

“Əsgərlər öz həyatları bahasına 800 hektar ərazisini qaytarmağa hazır olsa da Serj Sarkisyan hazır deyil. Əsgərlər ilk gündən müqavimət göstərib, Sarkisyanın bütün planlarını pozub. O, əraziləri sakitcə verməyə hazırlaşırdı”.

Zarui Postancyan deyib ki, Serj Sarkisyan hakimiyyətinin saxlanılması məsələsini həll etməyə hazırlaşırdı: "İndi o manipulyasiyalar vasitəsi ilə izah etməyə çalışır ki, guya əraziləri verməyə hazır deyildi. Amma həm dördgünlük müharibənin başlanğıcına qədər, həm də ondan sonra hər gün hərbi qulluqçularımız ölürdü. Həmçinin əməliyyatların gedişatında bizim qurbanlar daha çox idi”.

Müxalifətçi susmayacaqlarını və bundan sonra mitinqlər təşkil edəcəklərini deyib.

Zarui Postancyan Sarkisyana qarşı kəskin mövqeyi ilə seçilir. O, bu mövqeyini aprel hadisələrindən sonra daha çox biruzə verir. Postancyan demək olar ki, hər gün Ermənistan prezidenti əleyhinə çıxışlar edir.

Bundan əvvəl o demişdi ki, ərazilərin itirilməsi qondarma rejimin təhlükəsizliyinin laxlamasıdır. O həmçinin itirilən ərazilər arasında bir kəndin də olduğunu deyib. (Ans)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.