Argentina rusiyalıları qovur - Ölkə hamilə rusiyalıların “kütləvi hücumuna” məruz qalıb
31-03-2023, 13:49

Rusiyalılar Argentina qanunlarının verdiyi imkanlardan sui-istifadə edərək, kütləvi şəkildə bu ölkədə məskən salmağa çalışırlar. Lakin Argentina hökuməti bu prosesin qarşısını almaq istiqamətində sərt addımlar atmağa başlayıb.
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Argentinanın miqrasiya qurumları rusiyalılara kütləvi şəkildə oturum icazəsi verməkdən imtina etməyə başlayıb. Hətta bu icazəsi olanların da əhəmiyyətli bir qisminə ölkəni tərk etmək barədə xəbərdarlıq edilib və bildirilib ki, əks halda, məcburən deportasiya ediləcəklər.
Məsələ ondadır ki, Argentina qanunvericiliyinə görə bu ölkə ərazisində dünyaya gələn uşaq valideynlərinin hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq, avtomatik Argentina vətəndaşlığı ala bilir. Eləcə də onun valideynlərinə bu Cənubi Amerika ölkəsində yaşamaq, hətta vətəndaşlıq almaq imkanları tanınır.
İndi isə məlum olub ki, ötən ilin əvvəllərindən, Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşı başlayandan bəri Argentina hamilə rusiyalı qadınların “kütləvi hücumuna” məruz qalıb.
Ölkəyə hamiləliyin son aylarında olan minlərlə rusiyalı qadın “turist” adı ilə səfər edərək, bu ölkədə uşaq dünyaya gətiriblər. Nəticədə həm özləri, həm də digər ailə üzvləri üçün oturum imkanı qazanıblar. Argentina hokuməti bu sui-istifadə hallarının qarşısını almaq üçün hərəkətə keçib və belə rusiyalıları ölkədən çıxarmağa, yeni gələnlərə isə oturum icazəsi verməməyə başlayıb.
Rusiyanın Argentinadakı səfirliyinin şöbə müdiri Georgi Polin isə “TASS” agentliyinə açıqalmasında Argentina hökumətindən gileylənib və bununla da rusiyalılara qarşı “kütləvi diskriminasiyaya” yol verildiyini bildirib.
“AzPolitika.info”