Bayden Senatı tez bir zamanda Ukrayna, İsrail və Tayvana yardımla bağlı qanun layihələri paketini nəzərdən keçirməyə çağırıb
22-04-2024, 11:34
ABŞ prezidenti Co Bayden Senatı Nümayəndələr Palatasının şənbə günü aprelin 20-də Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qəbul etdiyi qanun layihələrini tez bir zamanda nəzərdən keçirməyə çağırıb.
“Bu gün Nümayəndələr Palatasındakı hər iki partiyanın üzvləri İsrail və Ukraynaya kritik dəstək və bütün dünyada münaqişə və fəlakətlərin təsirinə məruz qalanlara yardım göstərən təcili ehtiyac duyulan qanunvericiliyi qəbul edərək milli təhlükəsizlik maraqlarımızı inkişaf etdirmək üçün səs verdilər”, prezident Bayden bildirib.
ABŞ prezidentinin bildirdiyinə görə, qanun layihələri paketi öz suverenliyini müdafiə edən İsrail və Ukraynaya dəstək verəcək, Qəzza, Sudan, Haiti və münaqişələrdən və təbii fəlakətlərdən zərər çəkmiş digər ərazilərə lazımi humanitar yardım göstərəcək.
Bayden Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Consona, Demokratlar Partiyasının lideri Hakeem Ceffrisə və qanun layihələrini təsdiqləyən ikipartiyalı koalisiyaya təşəkkür edib.
Senatda Demokrat əksəriyyətin lideri Çak Şumer qanun layihələri üzrə səsvermənin çərşənbə axşamı aprelin 23-də başlayacağını elan edib.
“Senat əlavə milli təhlükəsizlik tədbirləri görmək üçün növbəti addımı atmağa hazırdır”, Şumer X sosial media səhifəsində yazıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası şənbə günü iki partiyanın dəstəyi ilə Ukrayna, İsrail və Tayvan üçün dörd hissədən ibarət 95 milyard dollarlıq xarici yardım paketini qəbul edərək, Konqresdə uzun və çətin bir yoldan sonra qanun layihəsinin qanuna çevrilməsinə yol açıb.
Qanunvericiliyə Kiyevin Moskvanın təcavüzünə qarşı davam edən müharibəsi üçün 61 milyard dollar, o cümlədən İsrail üçün 26 milyard dollar və Qəzza da daxil olmaqla münaqişə zonalarında mülki şəxslər üçün humanitar yardım və Hind-Sakit okean regionu üçün 8 milyard dollar daxildir.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasına Ukraynaya yardımla bağlı qanun layihəsini dəstəklədiyinə görə təşəkkür edib. Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə və şəxsən spiker Mayk Consona, onun sözlərinə görə, “tarixi doğru yolda saxlayacaq” qərara görə təşəkkür edib.