Çinin ən məşhur elektrokarlarından birinin dizaynı dəyişdiriləcək
17-09-2024, 15:17
Çinin "Wuling" şirkəti "Hongguang Mini EV" elektromobilinin dizaynını radikal şəkildə dəyişdirməyə hazırlaşır.
Bu barədə Auto.ru xəbər verir.
Məlumata görə, üç qapılı modernləşdirilmiş hetçbekin sertifikatlaşdırılmış təsvirləri və beşqapılı versiyanın rəsmi fotoları dərc edilib. Güman edilir ki, paralel olaraq "Mini EV"in əvvəlki baza mühərriki də dəyişdiriləcək.
"Wuling Hongguang Mini EV" Çində 2020-ci ildə təqdim olunub və indiyə qədər xarakterik bucaqlı dizayna malik idi. Yeniləmə nəticəsində elektrokar sadələşdirilmiş gövdə konturları və yeni işıqlandırma texnologiyası ilə əsaslı şəkildə fərqli görünüşə malik olacaq. Eyni zamanda, daxili arxitekturanın hazırkı modeldən götürülməsi gözlənilir.
Paralel olaraq, "Mini EV"in ölçüləri də artacaq. Üçqapılı versiya 2 190 millimetr təkər bazası ilə 3256x1510x1578 millimetr ölçülərində sertifikatlaşdırılıb. Bu, elektromobilin bamperləri və oxları arasında 200 millimetrdən çox artım deməkdir. Beşqapılı modifikasiyanın daha böyük olub-olmayacağı barədə hələ məlumat verilmir.
"Hongguang Mini EV" yenilənmədən sonra 41 at gücünə malik bir elektrik mühərriki alacaq və 100 km/saata qədər sürətlənə biləcək. İndiyə qədər belə aqreqat yalnız bahalı versiyalarda quraşdırılır, daha sərfəli konfiqurasiyalar isə 27 at gücündə mühərriklə təchiz edilir.
İlkin məlumatlara görə, "Wuling" şirkəti kiçik mühərrikdən imtina etməyi planlaşdırır və eyni zamanda dəyişikliklərin modelin qiymətinə təsir etməməsi gözlənilir. Hazırda "Hongguang Mini EV"in qiyməti 32.8 min yuandan (təxminən 8 milyon manata yaxın) başlayır.
Model Çində ən populyar elektromobillərdən biri hesab olunur - "Hongguang Mini EV"in satışı keçən ilin əvvəlində bir milyon ədədi ötmüşdü. Lakin, tələbatın getdikcə azalması səbəbindən yeni dizayn "Mini EV"ə daha çox diqqət cəlb etmək məqsədini güdür.