Urmiyə Şəhər Şurası şəhərin məhəllələrini köhnə adları ilə lövhələrlə işarələməyi qərara alıb
Bu gün, 15:14
Urmiyə Şəhər Şurasının qərarına əsasən, şəhərin tarixi məhəllələri köhnə adları ilə lövhələrlə işarələnəcək.
İRİB xəbər agentliyinin məlumatına görə, Urmiyə Şəhər Şurasının iclasında Şura üzvlərinin çoxluq səsi ilə Advermə Komitəsinin təklifləri qəbul edilib və Urmiyə Bələdiyyəsinə ən qısa zamanda bu qərarın həyata keçirilməsi üçün lövhələrin hazırlanması və quraşdırılması tapşırılıb.
Advermə Komitəsi tərəfindən tarixi məhəllələrin köhnə adları İranşünaslıq Fondu Qərbi Azərbaycan şöbəsi ilə əməkdaşlıq çərçivəsində müəyyən ediləcək və lövhələr hazırlanacaq. Bununla yanaşı, köhnə məhəllələrin köhnəlmiş lövhələri yeniləri ilə əvəz ediləcək.
Sosial mediada yayımlanan görüntülərə görə, Urmiyə şəhərinin “Əsgərxan Qapısı”, “Bazarbaşı məhəlləsi”, “Vəkilbaşı məhəlləsi” kimi köhnə adları Şəhər Şurası tərəfindən yenidən bərpa edilib və şəhərdə lövhələr quraşdırılıb.
Bundan əvvəl də Urmiyə Şəhər Şurası şəhərin qədim küçə və məhəllələrinin türk adları ilə lövhələrini quraşdırmaq üçün tədbirlər görmüşdü. “Dərəçayı”, “Şəhərçayı”, “Doşapçıxana”, “Dəmirçixana”, “Carçıbaşı”, “Göl Üstü”, “Təndirçilər”, “Ağa Qəbiri”, “Doqquz Pillə” və “Qapan” kimi küçələr və məhəllələrdə türkcə lövhələr yerləşdirilmişdi.