Rumıniya prezidenti Klaus İohannis istefa verdiyini açıqlayıb

Bu gün, 17:14           
Rumıniya prezidenti Klaus İohannis istefa verdiyini açıqlayıb
Rumıniya Prezidenti Klaus İohannis Rumıniya paytaxtı Buxarestdə çıxış edərək istefasını elan edir, 10 fevral 2025-ci il. Bu, Rumıniya Prezidentliyi tərəfindən yayımlanan videodan götürülmüş ekran görüntüsüdür. (Rumıniya Prezidentliyi vasitəsilə Reuters)
Rumıniya Prezidenti Klaus İohannis Rumıniya paytaxtı Buxarestdə çıxış edərək istefasını elan edir, 10 fevral 2025-ci il. Bu, Rumıniya Prezidentliyi tərəfindən yayımlanan videodan götürülmüş ekran görüntüsüdür. (Rumıniya Prezidentliyi vasitəsilə Reuters)

Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa vermək qərarına gəldiyini açıqlayıb. O, bu barədə müxalifətin üçüncü cəhddə prezidentin impiçment məsələsini parlamentin müzakirəsinə çıxarmasından sonra bəyanat verib.

"Bu gün prezidentin vəzifədən kənarlaşdırılması prosesi başlandı. Bu, məntiqsiz addımdır, çünki yeni prezident seçildikdən bir neçə ay sonra vəzifəni tərk edəcəkdim. Bu, əsassızdır, çünki mən heç vaxt, təkrar edirəm, heç vaxt Konstitusiyanı pozmamışam", "Azadlıq Radiosu"nun Rumıniya xidməti onun sözlərini sitat gətirib.

İohannis vurğulayıb ki, bu, "zərərli bir təşəbbüsdür", çünki bundan heç kim qazanc əldə etməyəcək, "hamı uduzacaq". Onun sözlərinə görə, tərəfdaş ölkələr Rumıniyada yeni prezident seçkiləri başladığı bir vaxtda prezidentin vəzifədən kənarlaşdırılmasını anlamayacaqlar. "Heç kim bu yanaşmanı başa düşməyəcək. Biz gülüş obyektinə çevriləcəyik" - deyə, o bildirib.

Klaus İohannisin prezidentlik müddəti 21 dekabr 2024-cü ildə başa çatıb. Lakin bundan əvvəl, 6 dekabrda Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Təkrar prezident seçkiləri 2025-ci ilin may ayının əvvəlinə təyin olunub. Eyni zamanda, Rumıniya Ali Məhkəməsi İohannisin yeni prezident seçilənədək vəzifəsində qalmalı olduğu barədə qərar verib.

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini Rumıniya xüsusi xidmət orqanlarının sənədləri dərc etməsindən sonra ləğv edib. Bu sənədlərdə Moskvanın gözlənilmədən birinci turda qalib gələn ultra-sağçı namizəd Kalin Corceskunu dəstəkləməsinə dair dəlillər yer alıb. Ölkənin xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiyaya meylli hesab edilən bu siyasətçiyə seçki kampaniyası zamanı on minlərlə TikTok hesabı dəstək verib. Sosial şəbəkə Rumıniya hakimiyyətini seçki kontekstində ictimai rəyi manipulyasiya etməkdə iştirak edən potensial istifadəçi şəbəkəsi və Rusiyanın dövlət mediası Sputnik ilə əlaqəli hesablar aşkar etdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.