Əhməd əş-Şəraa özünü 5 il müddətinə prezident elan etdi

Bu gün, 08:18           
Əhməd əş-Şəraa özünü 5 il müddətinə prezident elan etdi
Əhməd əş-Şəraa Suriyanın keçid dövrü üçün əsas hüquqi sənəd olacaq müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb.

Sənədi imzalayarkən əş-Şəraa bildirib ki, bu bəyannamə Suriyanın “yeni tarixi”nin başlanğıcı olacaq.

Bəyannaməyə əsasən, ölkə prezidentinin müsəlman olması və islam hüququnun qanunvericiliyin əsas mənbəyi kimi qalması qüvvədə saxlanılır. Sənəd hakimiyyət bölgüsü, məhkəmə sisteminin müstəqilliyi, qadın hüquqları, söz və media azadlığını da təmin edir. Bundan əlavə, Bəşər Əsəd rejimi dövründə törədilmiş cinayətlərə görə məsuliyyət məsələsinə xüsusi diqqət yetirilir.

Yeni qanunvericiliyə görə, Suriya parlamenti prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və ya onu vəzifədən uzaqlaşdırmaq hüququna malik olacaq. Lakin mütəxəssislər hesab edirlər ki, bunu praktikada həyata keçirmək çətin olacaq, çünki parlament üzvlərinin əhəmiyyətli hissəsi məhz prezident tərəfindən təyin ediləcək.

Xatırladaq ki, 2024-cü ilin dekabrında islamçı silahlılar Dəməşqə daxil olaraq hakimiyyəti ələ keçirib, Bəşər Əsəd isə Rusiyaya qaçaraq orada sığınacaq tapıb. Yeni hökumətə “Hayat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əş-Şəraa rəhbərlik edir.

Bu ilin mart ayında Suriyada Əsədin mənsub olduğu ələvi icması tərəfindən üsyan baş verib. Rəsmi məlumata görə, martın 10-da hökumət qüvvələri “devrilmiş rejimin qalıqlarına qarşı hərbi əməliyyatı” başa çatdırıb. Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzi isə 6-9 mart tarixlərində 39 kütləvi edam və yüzlərlə fərdi qətl həyata keçirildiyini, ümumi ölənlərin sayının 1454 nəfərə çatdığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.