Öz qəbiləsinin sonuncu üzvü: Amazon cəngəlliklərində 26 illik tənhalıq
Bu gün, 17:38

Amazon cəngəlliklərinin dərinliklərində "Çuxurdan olan adam" kimi tanınan braziliyalı bir kişi tam 26 il boyunca təkbaşına yaşayıb. 1980-ci illərdə qəbiləsi brokonyerlər tərəfindən məhv edildikdən sonra o, insanlarla bütün əlaqəni kəsib.
Oxu.Az xəbər verir ki, bu unikal hekayəni "Lad Bible" nəşri xatırladıb.
Tənha həyat sürən bu adam ov üçün özünün hazırladığı alətlərdən istifadə edib. Quş, meymun və vəhşi donuz ovlayıb, həmçinin qarğıdalı və papaya becərib. Torpaqda qazdığı dərin tələlər isə həm ov, həm də ehtimal ki, dini rituallar üçün istifadə olunub.
Onun varlığı ilk dəfə 1996-cı ildə Braziliyada qeydə alınıb. Rəsmilər onunla ünsiyyət qurmağa çalışsalar da, o, insanlardan daim uzaq durub. Yalnız Braziliyanın yerli xalqların hüquqlarını müdafiə edən qurumu - FUNAI tərəfindən buraxılan az miqdarda ərzaqla dolanıb.
2018-ci ildə FUNAI əməkdaşları gizli şəkildə onun görüntüsünü çəkə biliblər - əlində daşdan hazırlanmış balta, yarıçılpaq və tamamilə tənha halda.
2022-ci ilin avqust ayında isə onun meyiti tapılıb. "Çuxurdan olan adam" təxminən 60 yaşında və təbii səbəbdən vəfat edib. O, qəbiləsinin sirrini özü ilə birlikdə aparıb.
Onun həyatı insan iradəsinin gücünü və mədəniyyət itkisinə qarşı dirənişi simvolizə edən təsirli bir hekayəyə çevrilib.

