"Meta" süni intellekt üzrə işə qəbulu dayandırdı

Bu gün, 09:14           
"Meta" süni intellekt üzrə işə qəbulu dayandırdı
"Meta" süni intellekt sahəsindəki aqressiv işə qəbul strategiyasına gözlənilməz şəkildə fasilə verib.

Şirkət ötən həftədən etibarən həm yeni işçilərin bu sahəyə cəlb olunmasını, həm də mövcud əməkdaşların süni intellekt bölmələrinə transferlərini dayandırıb.
Qərara görə, istisna hallarda işə qəbul yalnız "Meta"nın süni intellekt direktoru Aleksandr Vanqın təsdiqi ilə həyata keçiriləcək.

Bu qərar "Meta"nın yüz milyonlarla dollar dəyərində əməkhaqqı paketləri təklif edərək "Google", "Apple", İlon Maskın "xAI" layihəsi və "Anthropic" kimi rəqiblərindən onlarca tədqiqatçı və mühəndisi öz sıralarına qatmasından dərhal sonra verilib. Şirkət indiyədək 50-dən çox yüksək səviyyəli mütəxəssisi transfer etsə də, bəzi cəhdlər uğursuz nəticələnib. Məsələn, "Anthropic"in həmtəsisçisi Mira Murati və onun bəzi komanda üzvləri Mark Zukerberqin milyard dollara yaxın təkliflərini qəbul etməyiblər.

"Meta"nın sözçüsü bu addımı dramatik bir qərar kimi qiymətləndirməyib. "Reuters" agentliyinə verdiyi açıqlamada qeyd olunub ki, bu qərar illik büdcə planlaması və yeni süperintellekt təşəbbüsləri üçün möhkəm təşkilati strukturun qurulması çərçivəsində atılıb.

Eyni zamanda, şirkətin süni intellekt sahəsindəki strukturunda da dəyişikliklər baş verib. "Meta" fəaliyyətlərini 4 əsas qrupa ayırıb: süperintellekt hədəflərinə yönəlmiş "TBD Lab", istehlakçı yönümlü süni intellekt məhsulları üzərində çalışan komanda, bu məhsullar üçün infrastruktur hazırlayan bölmə və uzunmüddətli tədqiqatlarla məşğul olan "Fundamental AI Research" qrupu.
Məlumata görə, bu dəyişikliklər həm də "Meta"nın bir müddət əvvəl səssiz şəkildə ləğv etdiyi "AGI Foundations" komandasının boşluğunu doldurmağa yönəlib.

Ekspertlər hesab edirlər ki, bu qəfil qərarla "Meta" "OpenAI" və "Google"un "Gemini" layihəsi ilə olan rəqabətində strateji baxımdan yenidən kalibrasiya mərhələsinə keçib. Bununla belə, işə qəbul prosesinin nə vaxta qədər dayandırılacağı hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru