Putinin Bakıya gəlişi ərəfəsində Moskvadan sərt xəbərdarlıq

9-06-2015, 10:31           
Putinin Bakıya gəlişi ərəfəsində Moskvadan sərt xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin Transxəzər qaz kəmərinin tikintisi layihəsinə dair birtərəfli addımlara qarşı olduğunu ifadə edən bəyanatla çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirən transxəzər qaz kəmərinin tikintisi zamanı ekoloji təhlükəsizliyin qeyd-şərtsiz prioritet təşkil etməli olduğunu bildirib.

Bəyanat Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində səslənir. Kreml bildirib ki, Putin Bakıdakı danışıqlar zamanı Xəzər məsələlərinə də müzakirə edəcək.

Son zamanlar Avropa İttifaqı “Transxəzər” qaz kəməri layihəsinə dair fəallığı artırıb. Brüssel Azərbaycan və Türkmənistana bu layihəyə dair 2011-ci ildə imzalanmış anlaşma memorandumunu yeniləməyi təklif edib.

Habelə Aşqabadda Türkiyə tərəfinin də iştirakı ilə “Transxəzər” qaz kəmərinə dair danışıqlar aparılıb. Türkmənistan tərəfi bildirib ki, “Transxəzər” qaz kəməri layihəsi ölkənin qaz ixracı marşrutlarının şaxələndirilməsi baxımından əsas prioritetdir. Azərbaycanı danışıqlarda təmsil edən energetika naziri Natiq Əliyev də Bakının bu layihədə maraqlı olduğunu, “Transxəzər” qaz kəmərinin çəkilməsi üçün ancaq Türkmənistan və Azərbaycanın razılığının kifayət edəcəyini deyib.

Lakin rəsmi Moskva bildirir ki, bu layihənin həyata keçirilməsi Rusiyanın razılığı olmadan baş tuta bilməz.

“Bütün mənalarda unikal olan su hövzəsində magistral boru kəmərlərinin çəkilməsinə hər şeydən əvvəl ekologiya prizmasından baxmaq lazımdır, ancaq bundan sonra məsələnin iqtisadi tərəfinə nəzər salmaq olar”- deyə Aleksandr Lukaşeviç Rusiyanın “Transxəzər” qaz kəmərinə niyə skeptik baxdığını əsaslandıraraq deyib.

Rusiya XİN rəsmisi əlavə edib ki, “Transxəzər” qaz kəməri layihəsinin effektivliyini və maliyyə baxımından özünü doğrultmasını ilk növbədə bu layihəyə qoşulacaq ölkələr mühakimə etməlidir.

“Ancaq layihənin ekoloji tərəfinin ilk növbədə Xəzər sahilində yerləşən ölkələrə dəxli var, özü də istisnasız olaraq bütün sahilyanı ölkələrə”- deyə Lukaşeviç xəbərdarlıq edib.

“Xəzər dəniz-gölü ətraf mühit dəyişikliklərinə olduqca həssasdır. Bu dəyişikliklərin səbəbi transxəzər boru kəmərlərinin döşənməsi, boru kəmərlərinin fəaliyyəti və Allah eləməsin, bu sistemdə qəza baş verməsi ola bilər. Əminik ki, Xəzərin ekoloji təhlükəsizliyi qeyd-şərtsiz prioritet təşkil etməlidir” - deyə Rusiya XİN rəsmisi əlavə edib.

Lukaşeviç deyib ki, Avropa İttifaqının hesabatlarında Xəzərin dibindən boru kəmərinin çəkilməsinin ətraf mühit üçün təhlükə törətmədiyi göstərilir. Lakin bu hesabatlar subyektiv mühakiməyə söykənir, ekologiya üzərində açıq-aşkar siyasət hökmranlıq edir.

“İstismarının bütün sahilyanı ölkələrə dəxli olan infrastruktur obyektinin ekspertizası ancaq o zaman legitim və obyektiv ola bilər ki, orada bütün maraqlı tərəflər iştirak etsin” - deyə Lukaşeviç qeyd edib.

Rusiyalı diplomatın sözlərinə görə, Qərb ekoloji təşkilatları nədənsə Rusiyanın müxtəlif ucqarlarında ekoloji problemlərə diqqət göstərir, ancaq Xəzər regionunda təbiət və insanlar üçün potensial təhlükələri görməməzliyə vurur.

A.Lukaşeviç xəbərdarlıq edib ki, “Transxəzər” qaz kəmərinin tikintisinə dair birtərəfli addımlar Xəzər ölkələri arasında etimadı sarsıda bilərdi: “İstisna deyil ki, bu layihənin regiondankənar lobbiçiləri özlərini Xəzər ölkələrinə “strateji tərəfdaşlar” kimi təqdim edərək və bu layihənin tərəfdarlarına bütün mümkün siyasi dividendlər vəd edərək məhz bu etimadı sarsıtmağı nəzərdə tuturlar”.

Rusiya XİN rəsmisi xatırladıb ki, ötən il Həştərxanda keçirilən Xəzər sammitində beş ölkənin liderləri açıq şəkildə Xəzərə dair mühüm məsələlərin həllində ancaq sahilyanı ölkələrin qərar qəbul etmək haqqının olduğunu vurğulayıblar.

“Hesab edirik ki, belə məsələlərə heç şübhəsiz boru kəmərləri mövzusu da daxildir” - Lukaşeviç deyib.

Qeyd edək ki, mayın 1-də Aşqabadda “Transxəzər” qaz kəməri layihəsinə dair dördtərəfli formatda keçirilən danışıqlarda Avropa İttifaqının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin “Transxəzər” qaz kəmərindən 2020-ci ildən etibarən qaz alınacağına ümid etdiyini bildirib. Bu həddən artıq optimist, hətta utopik səslənən bəyanatın nəyə əsaslandığı məlum deyil.

Azərbaycan “Transxəzər” layihəsində həmişə ehtiyatlı mövqe nümayiş etdirib, bu məsələdə öndə gedən tərəf olmaq istəmir. Bununla belə Azərbaycanın energetika nazirinin Aşaqabad danışıqlarına qatılması faktının özü belə Rusiyanı qıcıqlandıra bilərdi.

Göründüyü kimi, Rusiyanın “Transxəzər” layihəsinə dair danışıqların intensivləşməsinə cavabı özünü çox gözlətməyib. Rəsmi Moskva xəbərdarlıq edir ki, bu layihəni onun razılığı olmadan həyata keçirmək mümkün olmayacaq, yaxud ümumiyyətlə türkmən qazının Xəzərin dibindən keçməklə Azərbaycana, oradan Avropaya nəqli haqda unutmaq lazım gələcək...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.