Kürdlərə verilən 1 milyarlıq silahla bağlı ilginc etiraf: “Hara aparıldığını bilmirik”
25-05-2017, 17:40

ABŞ Müdafiə Nazirliyinin kürdlərə verilən silahlarla bağlı hesabatında yeni faktlar ortaya çıxıb.
Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin 2016-cı il hesabatında ABŞ ordusunun proqramı çərçivəsində İraq ordusuna verdiyi 1 milyard dollardan artıq dəyərə malik hərbi avadanlıq ilə silahların qeydiyyat və təqibinin düzgün aparılmadığını məlum olub. Sentyabr ayında nəşr olunan hesabatın məxfiliyi Beynəlxalq Amnistiya Təşkilatının məlumat alma hüququ çərçivəsindəki tələbi ilə qaldırılıb və hesabat ictimaiyyət üçün açıq vəziyyətə gətirilib.
Bildirilib ki, İraqa yardım üçün 2015-ci ildə müdafiə büdcəsindən 1,6 milyard dollar ayrılaraq fond yaradılmışdı. Terror təşkilatı İŞİD ilə mübarizə üçün yaradılan sözügedən fonda 2016-ci ildə də 715 milyon dollar ayrılmışdı. Audit hesabatında ABŞ ordusunun silahların təqibini doğru aparmamasının səbəbi mərkəzi avtomatik sistem əvəzinə İraqa verilən silah və avadanlıqların qeydlərinin əl ilə yazılması ilə əlaqələndirilir. Məzhəbçi radikal qruplarla yanaşı bir çox terror təşkilatının da fəaliyyət göstərdiyi bir bölgəyə göndərilən milyard dollarlıq silahlara nəzarətin düzgün aparılmaması sözügedən silahların başqa məqsədlə istifadə edilmək üçün terrorçuların əlinə keçmə ehtimalı yaradıb.