Paul Manafort təslim olub

30-10-2017, 18:55           

Paul Manafort-un artıq təslim olduğu xəbər verilir. O, Federal Təhqiqat Bürosunun (FBI) Vaşinqton ofisinə gedərək təslim olub.

The Associated Press məsələdən xəbərdar mənbələrə istinadla yazır ki, Gates də təslim olub və hər ikisinin oktyabrın 30-da məhkəmə önünə çıxarılacağı gözlənir.

Manafort federal vergi qanunvericiliyinin mümkün pozuntusu, çirkli pulyuma, xarici lobbiçiliyin açıqlanmaması ittihamlarıyla istintaq altındaydı. The Wall Street Journal yazıb ki, ittihamlara vergi dələduzluğu da əlavə oluna bilər.

***

The New York Times və CNN anonim mənbələrə istinadla yazırlar ki, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-un hakimiyyətə təslim olması istənilir. Bu tələb Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə dair aparılan istintaq çərçivəsində irəli sürülüb.

*** Buna da bax: Trump-ın kampaniya meneceri Deripaska-ya nə təklif edib

Manafort-la keçmiş biznes tərəfdaşı Rick Gates-lə birlikdə federal hakimiyyətə təslim olmalıdır, The New York Times qəzeti belə yazır.

CNN-in məlumatına görə, Manafort bu əmri yerinə yetirməyə, təslim olmağa hazırlaşır. Reuters xəbər verir ki, Manafort-u oktyabrın 30-da evindən çıxan görüblər, amma hara getdiyi, hələlik, bəlli deyil.

İttihamlar dərhal açıqlanmasa da, bu xüsusi müşavir Robert Mueller-in istintaqında ciddi dönüş sayılır.

ABŞ kəşfiyyat rəsmiləri yanvarda belə bir qənaətə gəliblər ki, Rusiya prezidenti Vladimir Putin ötən il ABŞ-da seçki kampaniyasına “təsir göstərmək” göstərişi verib, məqsəd ABŞ demokratiyasına inamı sarsıtmaq, Trymp-ın rəqibi Hillary Clinton-un nüfuzu zədələmək, Trump-a kömək etmək olub.

Rusiya bu iddiaları rədd edib, Trump da Rusiyayla hər hansı əməkdaşlığa gedilmədiyini bildirib.


*** Buna da bax: Senatın kəşfiyyat komitəsində ‘Rusiya araşdırması’ haqda danışıblar

***

ABŞ mediası yazır ki, Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı istintaq çərçivəsində ilk həbs oktyabrın 30-da gerçəkləşə bilər. İstintaqı xüsusi müşavir Robert Mueller aparır.

Əvvəlcə CNN, daha sonra NBC, Reuters və digərləri ötən həftə xəbər yayıblar ki, artıq istintaq çərçivəsində ilk ittihamlar irəli sürülüb. Ancaq hədəfin kimliyi açıqlanmır.

Anonim mənbələrə istinadla yayılan xəbərlərə görə, federal böyük jüri ittihamnaməni təsdiqləyib, federal hakim də onu möhürləyib.

İttihamnamənin oktyabrın 30-da ictimaiyyətə açıqlanacağı gözlənir.

Mueller Rusiyanın ötənilki seçkiyə iddia olunan müdaxiləsini araşdırır, onu bu vəzifəyə Ədliyyə Departamenti təyin edib. Rusiyanın prezident postuna seçilmiş Donald Trump-ın seçki kampaniyası, yaxud keçid komandasıyla mümkün əlaqələri araşdırılır.

Trump Rusiyayla hər hansı əlaqəsinin olmadığını bildirib.

Ağ ev son məlumatları şərh etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.