Hərracda rekord məbləğə satılan nadir brilyantlar
16-11-2017, 00:31

Unikal və qüsursuz 163 karatlıq brilyantla bəzədilmiş zinət əşyası "Christie's” hərracında rekord məbləğə - 33,5 milyon İsveçrə frankına (33,7 milyon ABŞ dolları) satılıb.
Xarici KİV-lər xəbər verir ki, hərrac noyabrın 14-də axşam saatlarında Cenevrə şəhərində baş tutub.
Hərracın kataloqunda zərgərlik nümunəsinin təqribi qiyməti belə göstərilməyib.
163 karatlıq zümrüd rəngli qüsursuz brilyantın olduğu boyunbağı, həmçinin kiçik ölçülü 18 brilyant və armudu formalı 66 zümrüdlə bəzədilib.
Zinət əşyası "de GRISOGONO” zərgərlik evi tərəfindən yeganə nümunədə hazırlanıb. Brilyantın özü 2016-cı ilin fevralında Anqolada tapılan 404 karatlıq almazdan yonulub.
Üzərində 10 zərgər-ekspertin işlədiyi brilyantın cilalanması 11 ay davam edib. Hərracın ikinci unikal lotu - "Le Grand Mazarin” (Böyük Mazarini) adlı 19 karatlıq çəhrayı brilyant isə 14,3 milyon İsveçrə frankına (14,5 milyon dollar) öz alıcısını tapıb.
Bu qiymətli daşın tarixi XVII əsrə gedib çıxır. O, əvvəllər "Koxinur”, "Reqent” və "mavi Vittelsbah” almazlarının aşkarlandığı Hindistanın əfsanəvi Qolkonda mədənində tapılıb.
Fransız kardinalı Culio Mazarini brilyantın ilk sahibi idi.
O, həmçinin Napoleonun ikinci həyat yoldaşının diademasını bəzəyib.
Qiymətli daş müxtəlif vaxtlarda Fransa kralı XIV Lüdovik, Napoleon, III Napoleon və kral X Karla məxsus olub.
1962-ci ildə Luvr muzeyində sərgilənib.